Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə Taxıl Dəhlizi Sazişini və Qara dənizdəki təhlükəsizlik vəziyyətini müzakirə etdiyini bildirib.
Bu barədə o, İstanbulda ukraynalı həmkarı ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında danışıb.
“Biz davam edən müharibə ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Strateji tərəfdaşlığımızın bir hissəsi olaraq biz Ukraynanı və onun ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik.
Biz onun bərpasına intensiv töhfə verməyə hazırıq. Biz həmçinin Qara dənizdəki təhlükəsizlik vəziyyətini, ərzaq təhlükəsizliyinə böyük töhfə verən və ehtiyacı olan ölkələrə milyonlarla ton taxıl çatdırmağa imkan verən taxıl sazişlərini müzakirə etdik”, – deyə Ərdoğan bildirib.