24 C
Baku
Monday, April 29, 2024

Türkiyədə seçkilərin yaxınlaşması lirəyə tarixi anti-rekordunu yenilədir – 1 dollar 19.6 lirəyə çatır

Türk lirəsi bu həftəsonu ölkədə keçiriləcək əlamətdar hadisə – prezident və parlament seçkiləri ərəfəsində qlobal valyuta bazarlarında qeyri-sabit şərtlərlə üzləşir və digər valyutalara qarşı dəyər itirməkdə davam edir.

Banker.az xəbər verir ki, Lirə hazırda ABŞ dollarına nisbətdə 19.5880 səviyyəsinə qədər rekord həddə düşüb və iş burasıdır ki, bazar analitikləri eniş üçün “hələ yer olduğunu” proqnoz etməkdədirlər.

Hər iki seçki eyni gündə – bu həftənin bazar günü keçirilir. “Cribstone Strategic Macro” konsaltinq şirkətinin qurucusu Mayk Harris CNBC-yə bildirib ki, hazırkı lider qələbə qazanarsa, lirənin bir qədər də ucuzlaşması gözləniləndir. Bu baş verəcəyi halda, lirə dünyada ən pis performans göstərən valyuta olacaq.

Hazırda lirənin məzənnəsindəki qeyri-sabitlik ölkə iqtisadiyyatı ilə əlaqəlidir. Son illərdə baş verən kapital axını və ölkə ticarət balansındakı defisit səbəbindən ABŞ valyutasına qarşı kəskin dəyər itirmiş olub.

Türkiyənin monetar siyasəti inflyasiyanın qarşısını almaqdan daha çox böyümə və ixrac rəqabətinə üstünlük verir. Hakimiyyət faiz dərəcələrinin artırılmasının inflyasiyanı ram etməkdənsə, artırdığına dair qeyri-ənənəvi fikri dəstəklədi. Yüksək faizin yüksək inflyasiya gətirdiyi iddiasında idilər və nəticədə faizlər 19%-dən bir rəqəmliyə – 8.5%-ə qədər endirildi. Adətən və hazırda da dünya bazarında mərkəzi banklar yüksək inflyasiya ilə mübarizədə faizləri sərtləşdirməyi üstün tutur ki, inflyasiya soyusun. Türkiyə isə bir qədər ixracyönümlü iqtisadiyyat düəltmək yolunda bu istiqamətin əksini seçmiş oldu. Nəticədə, USD/TRY cütlüyü tarixi rekordlar yenilədi.

1 dollar ölkədə 2018-ci ildə 4 lirəyə çatdığı halda, 2019-cu ildə 6 lirəyə, 2020-ci ildə 8 lirəyə, 2021-ci ildə 13 lirə, 2022-ci ildə isə 19 lirənin üstünə çıxdı.

Hazırkı hakimiyyətin dəyişməsi mümkün olsa belə, lirənin hansı səviyyədə olacağını demək qeyri-müəyyəndir.

“Əgər əsas ehtimalımız olan Ərdoğan qalib gəlsə, 1 dollar 23.00 lirə səviyyəsinə doğru hərəkət edə bilər”- deyə, “Wells Fargo”nun İnkişaf etməkdə olan bazarlar üzrə iqtisadçısı və foreks strateqi Brendan MakKenna bildirib.

Strateq deyir ki, intervensiya səyləri nəticəsində lirə həddən artıq qiymətləndirilib və seçkinin hansı yolla bitəcəyindən asılı olaraq, valyuta hər iki istiqamətdə kəskin hərəkət edə bilər.

Ərdoğanın ən böyük rəqibi ənənəvi iqtisadi siyasətləri bərpa edəcəyini və Türkiyənin yüksək inflyasiya səviyyəsini düşürəcəyini vəd edən müxalifətin vahid namizədi Kamal Kılıçdaroğludur. Qərb analitikləri Kılıçdaroğlunun qalib gələcəyi fonunda lirənin bir qədər möhkəmlənmə ehtimalının olduğunu bildirir.

Türkiyə ötən ilin oktyabrında son 24 ilin ən yüksək göstəricisi olan 85,51%-i keçdikdən sonra hazırda 50%-ə yaxın inflyasiya ilə mübarizə aparır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər