Uber Almaniyanın Delivery Hero qida çatdırılması xidmətini 14,8 milyard dollara almaq barədə razılığa gəlib. Bu barədə Bloomberg məlumat yayıb.
Şirkət Delivery Hero-nun səhmlərini hər biri 41,5 avrodan (təxminən 47,6 dollar) almağı planlaşdırır. Bundan əvvəl Uber hər səhm üçün 33 avro təklif etmişdi, lakin Delivery Hero bu təklifi rədd etmişdi.
Uber sövdələşməni öz vəsaiti və borc vəsaitləri hesabına maliyyələşdirməyi planlaşdırır. Maliyyələşdirmənin hansı nisbətdə həyata keçiriləcəyi açıqlanmasa da, şirkət 14 milyard avro məbləğində körpü krediti (bridge loan) aldığını bildirib.
Delivery Hero səhmlərinin 16,8%-nə sahib olan Prosus investisiya qrupu öz payını tam satacaq.
Uber bildirib ki, Delivery Hero-nun baş qərargahı ən azı 2029-cu ilə qədər Berlində qalacaq. Bundan əlavə, şirkət 2031-ci ilədək biznesin inkişafına təxminən 2 milyard dollar investisiya yatırmağı öhdəsinə götürüb.
Razılaşmanın şərtlərinə əsasən, Uber Delivery Hero-nun 50 regiondakı biznesini əldə edəcək. Daha 14 regiondakı biznes isə ayrıca razılaşma çərçivəsində SSW Partners investisiya şirkəti tərəfindən 1,4 milyard dollara satın alınacaq.
Bloomberg qeyd edir ki, ilin əvvəlindən Delivery Hero-nun səhmləri 60%-dən çox bahalaşıb. Sövdələşmə elan edildikdən sonra isə səhmlər gün ərzində əlavə 1% artaraq 37,8 avroya yüksəlib.







