7 C
Baku
Thursday, December 12, 2024

UEFA ilə “Alipay” onlayn ödəniş xidməti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Dünyanın nüfuzlu onlayn ödəniş sistemi olan Çinin “Alipay” xidməti 2018-2026-cı illərdə futbol üzrə milli komandaların turnirləri üçün UEFA-nın tərəfdaşı seçilib.

Müqaviləyə əsasən, “Alipay” xidməti 2020-ci və 2024-cü illərdə keçiriləcək futbol üzrə Avropa çempionatlarının və UEFA Millətlər Liqasının final mərhələsinin rəsmi qlobal tərəfdaşı olacaq.

UEFA prezidenti Aleksander Çeferin Şanxayda təşkil edilən imzalanma mərasimdə UEFA-nın Avropada milli komandaların turnirlərində “Ant Financial” və “Alipay” ilə sıx əməkdaşlığına dair müqavilənin imzalanmasından məmnunluğunu bildirib. O, 2020-ci ildə 12 ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatının və Almaniyada təşkil olunacaq “Avro-2024”ün oyunları zamanı yüz minlərlə futbolsevərin sevimli komandalarına azarkeşlik etməsi üçün hər cür şəraitin yaradılacağını deyib.

“Alipay”in ilk dördillik sponsorluğu dövründə 420 matçı əhatə edən 8 turnirin canlı olaraq 7,4 milyard tamaşaçı tərəfindən izlənilməsi proqnozlaşdırılır. Çində “Alipay”ın 700 milyondan çox fəal istifadəçisi var.

Rəqəmsal maliyyə texnologiyaları və ödəmə sistemləri sahəsində liderlər olaraq, “Alipay və “Ant Financial” rəqəmsal yenilikləri, eyni zamanda, maneəsiz ödənişlər və digər xidmətlər təqdim etməklə Avropadan və digər qitələrdən futbol azarkeşlərinin stadionlarda sevimli komandalarının oyunlarından daha çox zövq almalarına şərait yaradacaq.

Qeyd edək ki, “Alipay” Avropada milli komandaların turnirləri ilə əlaqədar UEFA-nın müqavilə imzaladığı üçüncü tərəfdaşdır. UEFA bundan əvvəl “Volkswagen” və “Booking.com” ilə 2022-ci ilə qədər müddəti olan müqavilələr imzalayıb.

Son xəbərlər
Digər xəbərlər