Qərb son onilliklər ərzində “cini şüşədən buraxıb” və bütün regionları xaosa sürükləyib. Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Onun sözlərinə görə, 1930-cu illərdə Almaniyada nasistlərin hakimiyyətə yolunu açan Qərb bu gün Ukraynanı “anti-Rusiya”ya çevirib:”Qərbin məqsədi bu gün Ukrayna adlanan tarixi əraziləri Rusiyadan qoparmaqdır”.
Putin Ukrayna briqadalarından birinin faşist bölməsinin adı olan “Edelveys” adlandırılmasını biabırçı adlandırıb.
Prezident qeyd edib ki, faşist şevronları Ukrayna Silahlı Qüvvələri arasında populyardır, Ukraynadakı neonasistlər kimin varisləri olduqlarını gizlətmirlər: “Qərbin Rusiyaya qarşı mübarizədə kimə “stavka” etməsi vecinə deyil, ona görə də onlar neonasistlərdən, terrorçulardan istifadə edirlər”.
Putin qeyd edib ki, Qərbin məqsədi, 1930-cu illərdə olduğu kimi, aqressiyanı Şərqə yönəltməkdir.
Rusiya Prezidenti ölkəsinin Ukrayna xalqı ilə müharibə aparmadığını vurğulayıb: “Lakin Ukrayna xalqı Kiyev və Qərb hakimiyyətinin girovuna çevrilib. Qərb Ukraynadan həm Rusiyaya qarşı taran, həm də poliqon kimi istifadə edir. Kiyev rejimi öz ölkəsinin deyil, üçüncü dövlətlərin maraqlarına xidmət edir”.
Putin deyib ki, Ukraynada münaqişənin alovlanması və qurbanlar üçün məsuliyyət Qərbin və Ukrayna xalqının yad olduğu Kiyev rejiminin üzərinə düşür.
“Qərb elitaları Rusiyanı strateji məğlubiyyətə uğratmaq, onu birdəfəlik məhv etmək məqsədini gizlətmirlər, münaqişəni qlobal miqyasda etmək istəyirlər. “, deyə Rusiya Prezidenti əlavə edib.