8 C
Baku
Friday, December 13, 2024

Ünvanlı sosial yardım proqramına edilən dəyişikliklərin detalları açıqlanıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı qaydalarda yeni dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, eləcə də ailədə üç və daha çox uşaq varsa ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq.

Ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə, ailə üzvü vəfat etdikdə, ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda, əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.

Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq.

Ünvanlı sosial yardım proqramında aztəminatlı ailələrə dəstək məqsədli digər yeni dəyişikliklər də edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər