7 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Banker.az-a verilən məlumata görə, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:

  1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Tabib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndəriləcək. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunacaq. SMS-i aldıqdan sonra vətəndaş “e-Tabib” mobil tətbiqinin “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı) ilə tanış olacaq. Daha sonra vətəndaş siyahıdan seçim edib “Təsdiqlə” düyməsini sıxmalıdır. Seçimi təsdiq etdikdən sonra mobil tətbiq üzərindən xəstəxananı dəyişmək mümkün olmayacaq. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiq etdikdə mobil tətbiqdə göndərişin statusu dəyişiləcək. İmtina gəldikdə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər.

Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.

  1. Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir.
  2. Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edilmədikdə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.

Hər hansısa sual yaranarsa vətəndaş Agentliyin “1542” Çağrı mərkəzinin göndərişlərin verilməsi ilə bağlı xəttinə (1542-3) zəng vurub məlumat əldə edə bilər.

Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma  prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər