15 C
Baku
Saturday, April 20, 2024

“Volkswagen Azerbaijan”dan şikayət: yeni aldığı avtomobilin “air bag”i qəzada açılmayıb

BANKER.AZ — Azərbaycanda sürücü avtomobil salonundan aldığı yeni minik avtomobili ilə qəza keçirdiyini və bu qəza nəticəsində hava yastıqlarının (air bag) açılmadığını deyir. Bunun nəticəsində şikayətçi xəsarət alıb.

Banker.az-a daxil olan şikayətdə adının açıqlamasını istəməyən şəxs bildirir ki, 09 iyun 2022-ci il tarixdə “Azerbaijan Volkswagen”, yaxud hüquqi adı ilə “Azərbaycan Automobiles” QSC-dən 2022-ci il istehsal buraxılışı olan “Volkswagen Polo Exclusive” sedan tipli minik avtomobili alıb.

Yeri gəlmişkən, Azərbaycan Automobiles” QSC Almaniyanın avtomobil markası “Volkswagen”in Azərbaycanda rəsmi dileri olan yeganə şirkətdir.

Qəza keçirmiş sürücü avtomobili ixtisaslaşmış mağazadan 35 600 manata alıb. Deyir ki, mülkiyyətində olan həmin avtomobil ilə 22 avqustda Bakı-Quba yolunun 15 km-də magistral avtomobil yolunun hərəkət hissəsində, qadağan olunmuş ərazidə dayanmış nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılıb.

Onun “Volkswagen Polo”su bu ağır zərbədən yararsız hala düşüb.

O bildirir ki, yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Volkswagen” Polo Exclusive markalı avtomobil digər avtomobillə toqquşduğu anda təhlükəsizlik yastıqları açılmadığı üçün özü xəsarət alaraq kəllə-beyin travması alıb. İndi də “hərəkətlərimdə müvəqqəti pozğunluq yaranıb, mənəvi – psixi sarsıntı keçirmişəm” deyir.

8f2d6c48 fd46 452b aec3 aa542391de6e
Həmin qəza keçirmiş avtomobil

“Aldığım məlumatlara görə, təhlükəsizlik yastığı istənilən zərbəyə həssas olmaqla başın zədələnməsinin və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin, bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır. Amma fotoşəkillər və video görüntülərdə də əks olunan belə ağır zərbədən avtomobilin təhlükəsizlik yastıqlarının hansı səbəbdənsə açılmaması avtomobilin  qüsurlu olmasına dəlalət edir”- deyə, qəza keçirmiş sürücü deyir.

“Əhaliyə qüsurlu avtomobil satılıb…”

“Volkswagen” Polo Exclusive”in sahibi deyir ki, avtomobil aşağı sürətdə belə toqquşsa həmin an sistem dərhal aktivləşməli idi.

“Hava yastıqlarının iş prinsipini göstərən sistem SRS (Supplementary Restraint System – Əlavə Sabitləmə Sistemi) adlanır ki, həmin sistemdə də, görünür, nasazlıq olmuşdur. Hesab edirəm ki, bu hal həm istehsalçının, həm də satıcının (dillerin) xətası ilə bağlıdır. Və istisna olunmur ki, mənə məxsus avtomobil də daxil olmaqla, ölkəmizdə satılan bu partiya avtomobillər qeyd olunan qüsurla əhaliyə satılıb”.

“Azad İstehlakcılar” İctimai Birliyin sədri Eyub Hüseynov Banker.az-a bildirir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.

“Mən iki gündür şirkətin rəhbəri ilə əlaqə saxlamağa çalışıram, lakin soruğlarım cavabsız qalıb” – deyə, Eyub Hüseynov bildirir.

İctimai birliyin sədri bildirib ki, həmin şəxs çox önəmli məsələyə toxunub. Dövlət qurumları belə avtomobillərin idxalında nəzarəti gücləndirməlidir.

“Aramızda bağlanmış 09 iyun 2022-ci il tarixli 94/22 nömrəli Avtomobilin Alqı-Satqı Müqaviləsinin 3.1.2-ci bəndinə əsasən  Satıcı avtomobilin AZS standartına və keyfiyyətə uyğun olmasını təmin edir. Ümumi qəbul olunmuş digər ekvivalent dünya standartlarına uyğunluq sertifikatları əlavə olaraq təqdim oluna bilər. Bu partiya avtomobillərin  Azərbaycanın müvafiq qurumu tərəfindən sertifikatlaşdırılmadığı qənaətinə gətirə bilər”- deyə, qəza keçirmiş sürücü bildirib.

Qeyd edir ki, bəhs olunan avtomobilin müşahidəedici sənədləri, yəni istifadə qaydaları ölkəmizin qanunvericiliyinin tələblərinin əksinə olaraq milli dildə deyil.

“Mənə dəymiş həm maddi, həm də mənəvi zərərin əvəzi olaraq müqaviləyə uyğun eyni komplektasiyada olan avtomobillə əvəz edilməsi tələbi ilə həmin şirkətə müraciət etdim. Lakin, “Azərbaycan Automobiles” QSC-nin baş direktorunun imzası ilə mənə ünvanlanmış 20.09.2022-ci il tarixli məktubuna əsasən, qarantiya çərçivəsində avtomobilin təmir edilməsindən və kompensasiya ödənilməsindən imtina olunub”.

Qəza keçirmiş sürücü tələb edir ki, indi sadaladığı hallar xüsusi nəzarətə götürülsün, pozulmuş istehlakçı hüquqularıın müdafiəsi məqsədilə “Azərbaycan Automobiles” QSC barəsində qanuna müvafiq tədbirlər görülməsi barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılsın: “Həmin qüsurlu avtomobil partiyası yoxlanılsın, avtomobil qüsursuz təzə avtomobillə dəyişdirilsin ya da mənə dəymiş 24 976.8 manat ziyan şirkət tərəfindən ödənilsin və ya avtomobil şirkət tərəfindən təmənnasız təmir olunsun”- deyə, o, əlavə edib.

 

Son xəbərlər
Digər xəbərlər