9 C
Baku
Friday, December 13, 2024

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi artım bərpa olundu”

“Proqnozlaşdırıldığı kimi, ilin ilk 5 ayının göstəricilərinə əsasən Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında ümumi daxili məhsul 0,8 % artıb. COVID-19 pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 % artıb.

V.Qasımlı qeyd edib ki, artımda əsas rol alan qeyri neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 % böyüyüb: “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 %-dən hazırda 17,9 %-ə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək.

Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində – bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya və rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 % artıb”.

V.Qasımlı bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 %, gələn il isə 4,5 % iqtisadi artım olacaq: “Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 %, gələn il 1,7 % iqtisadi artım proqnozlaşdırır”.

V.Qasımlının fikrincə, qeyri-neft sektoru həm azalan karbohidrogen gəlirlərini kompensasiya etməli, həm də ümumi iqtisadi artımı təmin etməlidir.

Son xəbərlər
Digər xəbərlər