İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra ABŞ İranla daha genişmiqyaslı müharibə aparmağı planlaşdırır. Bu barədə “The Washington Post”a amerikalı rəsmi bildirib. Onun sözlərinə görə, Pentaqon regiondakı hərbi təyyarələrin sayını artırır.
Nəşrin digər mənbəsi qeyd edib ki, ABŞ-nin hərbi əməliyyatlarını genişləndirmək imkanları hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalması ilə məhdudlaşacaq. Bundan əlavə, döyüşlər nəticəsində dəymiş ziyan Yaxın Şərqə qoşun və təyyarələrin göndərilməsi imkanlarını da məhdudlaşdıracaq.
“Əməliyyatları təhlükəsiz şəkildə davam etdirmək üçün kifayət qədər resursumuz yoxdur və məncə, Ağ Ev bundan xəbərdar deyil”, – deyə rəsmi bildirib.
WP qeyd edir ki, ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən başlamasından bəri azı üç amerikalı hərbçi həlak olub. İyulun 18-də İran İordaniyadakı ABŞ obyektlərinə zərbələr endirib. Hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub, daha bir nəfər isə itkin düşüb.






