“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, Rusiya və Ukrayna arasında Ukrayna taxılının ixracına dair razılaşma atəşkəs və dəniz limanlarının qismən təmizlənməsini ehtiva edir. İyulun 13-də İstanbulda keçirilən görüşdə razılıq əldə olunsa da, sənəd hələ imzalanmayıb.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Nəşrin həmsöhbətləri bildiriblər ki, taxıl Ukrayna gəmilərinin müşayiəti ilə üç limandan ixrac oluna bilər. Eyni zamanda “coğrafi sərhədlər daxilində” atəşkəs rejiminin tətbiqi təklif edilib. Tərəflər müqavilənin texniki detallarını, o cümlədən Ukrayna limanları ətrafındakı mina sahələrinin təmizlənməsini hazırlamalı olacaqlar.
Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirak etdiyi toplantı ərəfəsində Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, tərəflər İstanbulda Ukrayna taxılının ixracı üçün koordinasiya mərkəzinin açılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, gələn həftə daha bir görüş keçiriləcək, ondan sonra tərəflər saziş imzalaya bilərlər.
Ukraynadan ixrac olunmayan taxılın ümumi həcmi bəlli deyil. Mayın 13-də Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukrayna limanlarında, ilk növbədə, Odessada 25 milyon ton taxıl bloklanıb. Mayın 11-də ABŞ Prezidenti Co Bayden 20 milyon ton rəqəmi açıqlayıb. Qərb bunun dünyada ərzaq böhranına səbəb ola biləcəyini etiraf edir. Qərb ölkələrinin nümayəndələri dəfələrlə Rusiyanı Ukrayna ərazisindən taxıl ixracına mane olmaqda ittiham ediblər. Moskva ittihamları rədd edir.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, “Rusiya bu ölkənin ərazilərindən Ukrayna taxılının ixracına mane olmur və Ukrayna hərbçiləri yük limanlarını minalardan təmizləyərsə, taxıl daşıyan gəmilərin beynəlxalq sulara sərbəst keçidini təmin etməyə hazırdır”.