Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Belə ki, Xətai Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib.
Eyni zamanda İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çıxarılıb. Həmin şöbəyə məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə Leyla Hüseynova təyin edilib.
R.Quliyevin daha bir əmri ilə İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Elçin Əhmədov həm də komissiyanın katibi təyin edilib.
Komissiyanın aparıcı məsləhətçisi Aygün İbrahimova işdən çıxarılıb.
Müzəffər Məmmədov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni baş məsləhətçi təyin edilib. Bundan əlavə, Atabəy Əzizbəyli Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsinə təyinat alıb.
Report