Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam etmişdir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
2021-ci ilin yanvar-fevral aylarında ölkəmizə gələnlərin 33,3 faizi Rusiya Federasiyası, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 faizi İtaliya, 0,5 faizi Almaniya, 0,3 faizi ABŞ, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 94,7 faizini kişilər, 5,3 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan – 11,1 dəfə, Türkmənistandan – 10,0 dəfə, Özbəkistandan – 6,3 dəfə, Rusiya Federasiyasından – 5,1 dəfə, Ukraynadan – 4,5 dəfə, Böyük Britaniyadan – 4,4 dəfə, Belarusdan – 2,6 dəfə, İrandan – 2,5 dəfə, Türkiyədən – 2,3 dəfə azalmışdır.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 11,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,0 faizi dəmir yolu və avtomobil, 23,2 faizi hava, 3,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 13,5 dəfə azalaraq 60,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,3 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 8,3 faizi İrana, 16,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4 dəfə, Gürcüstana gedənlərin sayı 37,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 13,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 2,8 dəfə azalmışdır.
2021-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,5 faizi dəmir yolu və avtomobil, 62,2 faizi hava, 7,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.