17 C
Baku
Monday, May 20, 2024

Yapon şamlar nəzəriyyəsinin tarixi

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Şamlar nəzəriyyəsinin təkamülünü müzakirə etməmişdən öncə, texniki analizin nə olduğunu müəyyənləşdirmək yerinə düşərdi. Maliyyə dünyasında texniki analiz dedikdə, hər hansı bir məhsulun gələcək qiymətini ehtimal etmək üçün keçmişdə qeydə alınan texniki bazar verilənlərinin öyrənilməsi və onlara əsasən analizin həyata keçirilməsi prosesi japon-candlenəzərdə tutulur. Texniki analiz bir çox maliyyə bazarlarında, o cümlədən səhm, əmtəə, valyuta və bir sıra digər sahələrdə tətbiq edilir.

Tarixən, özlərinin ticarət fəaliyyətlərində texniki analizdən istifadə edən ilk xalqlardan biri Yaponlar hesab olunur. Eyni zamanda Yaponiya, özünün on yeddinci əsrə təsadüf edən tarix ilə, dünyanın ilk fyuçers – düyü fyuçers bazarının yarandığı ölkəsidir. Düyü fyuçersləri ilə ticarət möhtəkirliyin (spekulyasiyanın) yaranmasına yol açaraq Yapon texniki analizinin formalaşmasına və inkişafına dəstək olmuşdur, bu isə öz növbəsində uzun illər sonra Yapon şamları adlanan qiymət cədvəlinin əmələ gəlməsində böyük rol oynamışdır.

Şamlar üzrə qiymət cədvəli, kökü on səkkizinci əsr Yaponiyasından qaynaqlanan qədim qiymət cədvəli növüdür. Bu qiymət cədvəlinin tarixi, Munehisa Homma adlı treyderin fəaliyyəti yaxından əlaqəlidir. Munehisa Homma, 1724-cü ildə, maddi rifahı yüksək olan ailədə dünyaya göz açmışdır. 1750-ci ildə, Yaponiyanın liman şəhərlərindən biri olan Sakatada yerləşən yerli düyü mübadilə məntəqəsində ticarətə başlayan Homma, həmin ildə öz ailə biznesinin idarəçiliyini ələ almağı bacarır. Hətta “Bazarların Tanrısı” ləqəbini qazanan Hommanın, dövrlərin birində qazancla nəticələnən yüz ardıcıl alqı-satqı əməliyyatına imza atdığı güman edilir.

Hommanın əslən Sakatadan olduğunu nəzərə alsaq, ticarətə həsr edilmiş Yapon ədəbiyyatında “Sakata qanunları” ifadəsinə rast gəlinməsi təəccübləndirici hal deyil. Bu ifadələrlə, ədəbiyyatda məhz Hommaya istinad edilir. Karyerasının son illərində, Homma hökumətin maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışır və 1803-cü il vəfatından əvvəl Samuray fəxri adına layiq görülür. Bəzi Yapon və Qərb mənbələrinə əsasən, Hommanın bazarlara aid “Sakata Senho və Soba Sani No Den” adlı yazıları, daha sonralar Yaponiya və dünyanın bir çox ölkəsində maliyyə bazarlarının analizi üçün istifadə olunan Yapon şamları kimi tanıdığımız nəzəriyyənin əsasını təşkil etməkdədir.

Yapon Şamlarının ümumi quruluşunu öyrənməyimiz üçün Qərb dünyasında ən geniş yayılmış qrafiklərdən biri olan bar qrafikindən köməkçi vasitə kimi istifadə edəcəyik.

Müəyyən bir dövrü (dəqiqəlik, saatlıq, gündəlik, həftəlik və s.) təmsil edən bar qrafikini çəkməyimiz üçün bizə həmin dövrün açılış, bağlanış, maksimum və minimum qiymətləri lazımdır. Bar qrafikində gördüyünüz şaquli xətt bu dövr üçün qeydə alınan maksimum və minimum qiymətlərini göstərir. Bu şaquli xəttin solunda gördüyünüz üfüqi xətt isə bu dövr üçün nəzərdə tutulmuş bar qrafikinin açılış qiymətidir. Şaquli xəttin sağında yerləşən üfüqi xətt isə bar qrafikinin bağlanış qiymətidir.

Bu şəkil eyni qiymət məlumatından istifadə edərək həm bar həm də yapon şamları üzrə qiymət cədvəlinin qurulmasının mümkün olduğunu göstərir. Bu olduqca vacib bir məlumatdır. Çünki bu bir daha sübut edir ki, qərb barları qrafiki üzrə hazırlanmış istənilən analiz üsulu və ya texniki indikator yapon şamları qrafikinə tətbiq edilə bilər. Bu isə o deməkdir ki, bar qrafikindən istifadə edən şəxslər yapon şamları qrafikinə keçid etmiş olsalar heç nə itirmirlər. Qərb barları üzrə hazırlanmış analiz metodları isə bildiyiniz kimi texniki analiz sahəsində olduqca geniş yer tutur. Head&Shoulders,Qoşa Zirvə və Qoşa Dib kimi trend modelleri, Fibonacci qayıdışları, Elliot Dalğaları nəzəriyyəsi və s. analiz metodları qərb analiz metodları siyahısına daxildir.

Şamların quruluşuna ümumi nəzər salaq. Şamın qalın hissəsi gövdə və ya əsas hissə adlanır. Bu hissə, şamın açılış və bağlanış qiyməti arasında olan məsafəni əhatə edir. Əgər şamın əsas hissəsi qaradırsa bu şamın bağlanış qiymətinin açılış qiymətindən aşağıda olduğunu göstərir. Digər sözlə, bu şam ayıların bu ərəfədə buğalar üzərində üstünlük təşkil etməsinin göstəricisidir. Eyni ilə, əgər şamın əsas hissəsi ağdırsa bu bağlanma qiymətinin açılış qiymətindən yüksək olduğunu göstərir.

Əsas hissənin üzərində və aşağısında yerləşən xətlər isə kölgə adlanır. Kölgələr şam ərzində qeydə alınan maksimum və minimum qiymətlərini göstərir. Gövdənin üzərindəki kölgə üst, aşağısındakı kölgə isə alt kölgə adlanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər