Yeni Zelandiya rəsmi Tehranın Ukrayna münaqişəsində Rusiyaya dəstək verdiyinə görə İrana qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə ölkənin XİN rəhbəri Nanaya Mahutanın bəyanatında deyilir.
Sanksiya tətbiq olunmuş şəxslərin siyahısına briqada generalı Səid Ağacani və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, həmçinin “Shahed Aviation Industries” şirkəti daxildir.
“Rusiyaya hərbi texnologiya tədarük edən İrana qarşı yeni sanksiyalar tətbiq olunur. İranın Rusiyaya dəstəyi Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması təhlükəsini yaradır. Üç İran vətəndaşına, pilotsuz uçan aparatı (PUA) istehsalı və təchizatı ilə məşğul olan şirkətə məhdudiyyətlər tətbiq olunacaq”, – Mahutanın açıqlamasında deyilib.
Xatırladaq ki, bu ilin avqust ayında “Washington Post“ qəzeti İranın Rusiyaya öz PUA-larını göndərdiyini iddia edən məqalə dərc edib. Bunun ardınca isə ABŞ administrasiyasının nümayəndələri tərəfindən oxşar bəyanatlar səsləndirilib. Rəsmi Moskva və Tehran isə bu iddiaları dəfələrlə təkzib ediblər.