Yeni Zelandiya hakimiyyəti 22 Rusiya və Belarus vətəndaşına, eləcə də neft-qaz və poladtökmə sektorundakı bəzi müəssisələrə sanksiya tətbiq edib.
Bu barədə bazar ertəsi xarici işlər naziri Nanaiya Mahuta bildirib.
Nazirin sözlərinə görə, Yeni Zelandiya Ukraynada xüsusi əməliyyatı dəstəkləyən 22 Rusiya və Belarus vətəndaşına qarşı sanksiyaların növbəti paketini tətbiq edib.
Nazirin ölkə hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir ki, Rusiya vətəndaşları Mariya Vorontsova və Katerina Tixonova, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqları, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Belarus prezidenti Aleksandr Lukaşenko, onun həyat yoldaşı və oğlu yeni sanksiyalar siyahısındadır. Həmçinin bəzi rusiyalı iş adamları və sahibkarlar da sanksiyalara məruz qalıb.
Bundan əlavə, Rusiya üçün iqtisadi və ya strateji əhəmiyyət kəsb edən, neft-qaz, polad və nəqliyyat sektorlarında, radiolokasiya və elektron avadanlıqların istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrə qarşı məhdudlaşdırıcı tədbirlər görülüb.