Yenicə rebrendinq edən BOKT keçən ili mənfəətlə bitirib

“Alfa Kapital” Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ilin yekunları üzrə xalis mənfəətini illik müqayisədə 89.1% artıraraq 382.8 min manata çatdırıb. Mənfəətin kəskin yüksəlməsinə əsas səbəb faiz gəlirlərinin 413.3 min manatdan 948 min manata yüksələrək 129.4% artması fonunda əməliyyat mənfəətinin genişlənməsidir.

Banker.az xəbər verir ki, təşkilatın ümumi gəlirləri 2025-ci ildə 1.31 milyon manat təşkil edərək əvvəlki ilin 616.3 min manatlıq göstəricisini 112.4% üstələyib. Faiz xərcləri 89.7 min manatdan 419.4 min manata yüksələrək 367.8% artmış, qeyri-faiz xərcləri isə 273.7 min manatdan 415.3 min manata çataraq 51.8% yüksəlib.

“Alfa Kapital”-ın cəmi aktivləri illik müqayisədə 32.8% artaraq 3.98 milyon manata yüksəlib. Aktivlərin strukturunda əsas paya sahib olan müştərilərə verilmiş cəmi kredit portfeli (uzunmüddətli və qısamüddətli cəmi) 3.33 milyon manat təşkil edib ki, bu da illik 52.1% artım deməkdir. Hazırda kredit portfeli ümumi aktivlərin 83.7%-ni formalaşdırır.

Təşkilatın cəmi öhdəlikləri 1.65 milyon manatdan 2.23 milyon manata yüksələrək 35.2% artmış, cəmi kapitalı isə 1.34 milyon manatdan 1.75 milyon manata çataraq 30% yüksəlib. Nizamnamə kapitalı 1 milyon manatdan 1.02 milyon manata çatdırılmaqla 2% artım nümayiş etdirib. Bölüşdürülməmiş mənfəətin həcmi 2024-cü ildəki 344.6 min manatdan 113.8% artaraq 727.4 min manata yüksəlib.

Yaxın zamanlarda “Effektinvest” adından rebrendinq edən təşkilatın nizamnamə kapitalı 20 min manat artırılaraq 1.02 milyon manata çatdırılıb. Kapital artımı birbaşa əsas payçı Fərid Köçərlinin investisiyasını 530 min manata çatdırması ilə reallaşıb və onun şirkətdəki payı 51%-dən 51.96%-ə yüksəlib. Paralel olaraq digər səhmdarlar Şirin Cavadovun payı 46.57%-ə, Elçin Niftiyevin payı isə 1.47%-ə enib.

Son xəbərlər
Digər xəbərlər