Yevlax-Zaqatala-Gürcüstan magistral yolu uzun illər əsaslı təmir olunmadığından istismar müddətini tamamlayıb.
Uzunluğu 164 kilometr yol 1961-ci ildə çəkilib. Yolun 46 kilometrlik Xaldan-Şəki, 40 kilometrlik Zaqatala-Balakən-Mazımçay hissəsi yenidən qurulsa da, Şəki-Qax və Qax-Zaqatala hissəsi əsaslı təmir olunmayıb.
Yolun ən çox yararsız hala düşən ərazisi Şəki rayonundan Qax rayonuna qədər olan 78 kilometrlik hissəsidir.
Yerli sakinlər bildiriblər ki, Respublika əhəmiyyətli yolun sözügedən hissələrində dərin çalalar əmələ gəldiyindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Report”un Şimal-qərb bürosuna bildirib ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun əsaslı təmir olunması üçün layihə hazırlanıb və təqdim edilib.
“Son illər Şimal-qərb bölgəsində Şəki-Qax, Qax-Zaqatala, o cümlədən Yevlax-Şəki və Zaqatala-Balakən-Mazımçay istiqamətində tam rahat yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. Bu ərazidə magistral yolun əsaslı təmir olunmayan bir hissəsi qalıb ki, bu hissə də yolun Şəki-Qax hissəsidir. Artıq bu yolun da yenidən qurulması ilə bağlı layihə hazırlanıb və təqdim olunub. Layihə təsdiqləndiyi halda yaxın müddət ərzində yolun yenidən qurulması təmin ediləcək”.