Azərbaycan Mərkəzi Bankı tərəfindən iki həftəlik müddətə banklardan cəlb edilən depozitlərə təlabat bu gün də yüksək həddə olduğu bəlli oldu.
Banker.az xəbər verir ki, AMB bu gün 14 günlük depozitlər üzrə 200 mln. manat cəlb etməyi planlasa da, tələb 2.5 dəfə təklifi üstələyib.
29.06.2020-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 545.3 mln. manat təşkil edib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.51% təşkil etmişdir.
Göründüyü kimi hərraclarda AMB banklara faiz dəhlizinin ən aşağı faiz dərəcəsinə yaxın – 6.51%-ilə (minimal olaraq 6.50%-dir) ilə təklif etsə belə, onlar bu 14 günlük aktiv yatırımından maksimum istifadəyə çalışırlar.
AMB İdarə Heyəti 19 iyun tarixində faiz dərəcəsini 7.25%-dən 7%-ə qədər, faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edib.
Bu qərardan sonra ilk depozit hərracında (22 iyun) eyni məbləğin cəlbi nəzərdə tutulsa da, həmin hərracda tələb 374.1 mln. manata qədər artmışdı.
Ölkədə bir sıra bankların əsas müştəri bazası istehlak kreditləri təşkil edir. Onlar isə bu imkandan koronavirus pandemiyası səbəbindən bu kreditləməyə tam girişə bilmirlər. Nəticədə, “kassalarındakı” vəsaitlərdən gəlir əldə etmə məcburiyyətində qalırlar. Çünki, banklara da depozitlər yatırılıb, onlar da faiz ödəmə öhdəlikləri var bu vəsaitlər üzündən. Bəzi banklarda bu faiz öhdəliyi 6.5% dərəcəsindən belə yuxarıdır. Eləcə də biznesdə böyük kredit təlabatı hiss edilmir.