16 C
Baku
Wednesday, May 15, 2024

Zəngilandakı “Dost Aqropark”da cins mal-qara sayı 10 min başa çatdırılacaq

Zəngilan rayonundakı “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksində cins mal-qaranın sayı tədricən 3 min başdan 10 min başa çatdırılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kompleksin birinci mərhələsinin açılışında bildirib.

“Hörmətli qardaşım İlham Əliyevlə birlikdə bir il əvvəl burada bu “Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını müəyyən etdik.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək”, – deyə o, qeyd edib.

“Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək”, – deyə dövlət başçısı əlavə edib.

“Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm. İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm”, – deyə R.T.Ərdoğan fikrini tamamlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər