®Sosial layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayıran “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində bu dəfə şəhid və qazi ailələrinə dəstək oldu. Bank avtoçilingər və avtotəmizləmə xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəhid atasını, qazini və müharibə ilə əlaqədar əlilliyi olan şəxsi bütün lazımi avadanlıqlarla təmin etdi! Belə ki, Şağan qəsəbəsi sakini, şəhid atası Əli Allahverdiyev, Nəsimi rayon sakinləri, qazilər Nəcməddin Babayev və Yusif Mustafayev avtoçilingər, Xəzər rayon sakini, müharibə ilə əlaqədar əlilliyi olan Vüsal Abbasov isə avtotəmizləmə xidmətlərini göstərərək öz ailələrini maddi cəhəddən təmin etmək üçün imkan əldə etdilər.
Qeyd edilən Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bununla da Bank, daha öncə qeyd etdiyi kimi proqramın növbəti mərhələsində şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsini prioritet istiqamət olaraq seçilməsini təsdiqləmişdir.
Bu günədək “Ziraat Bank Azərbaycan” ASC tərəfindən, Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun” filialının açılışı planlaşdırılır.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.