12 C
Baku
Wednesday, December 11, 2024

Ziyad Səmədzadə – daim xalqla birlikdə…

Dövlətlərin və xalqların tarixinin yazılmasından başlamış, dünya birliyində özünə layiqli yer tutmasının və tanınmasının zamanın süzgəcindən keçərək, özünü doğruldan aydın şərtləri var. Tarix həmin şərtləri dönə-dönə sübut edərək göstərir ki, dövlətlərin və xalqların inkişafı, yüksəlişi üçün onun malik olduğu maddi və mənəvi zənginliklər vacib olsa da, yetərli sayıla bilməz. Bu baxımdan onların taleyində lider amilinin bütün şərtlərin fövqündə dayanması ən mühüm siyasi reallıqdır.

Böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin dövlətlərin taleyindəki rolu barədə tarixdən çox misallar gətirmək olar. İstənilən dövlətin tarixinə nəzər salsaq, onun həm yaranmasında, həm formalaşmasında, həm də inkişafında lider amilinin nə qədər böyük rol oynadığını görərik. Çox tarixi ənginliklərə getmədən, Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçilin, Fransada Şarl de Qollun fəaliyyəti göstərir ki, dövlətin dövlət olması, dünya səhnəsinə çıxması, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətlərdən asılıdır. XX əsr Azərbaycan tarixi isə Heydər Əliyevin timsalında hələ ötən əsrin 70-80-ci illərindən lider amilinin dövlətin və xalqın tarixində, onun gələcəyinin formalaşmasında, inkişafında, beynəlxalq aləmdə özünü təsdiq etməsində ən vacib amil olduğunu təsdiq edir. Heydər Əliyev kimi dahilər öz mübarizələri ilə dövlətin qürur doğuran tarixinin möhkəm təməlini yaratmaqla bərabər, həm də inkişaf salnaməsinin müəllifinə çevrilirlər.

Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməyib, bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirib. Ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaradıb.

2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Geridə qoyduğumuz hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev ulu öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. Məhz Heydər Əliyevin dühasından və qüdrətli zəkasından ilham alan milli inkişaf strategiyası Azərbaycanın müstəqillik və inkişaf yolunda inamla addımlamasını təmin edir.

Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən cənab İlham Əliyev qısa bir zaman ərzində geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilib. Fəaliyyət göstərdiyi bütün sahələrdə qazanılmış nailiyyətlər onun siyasi prioritetinə yeni ştrixlər əlavə edib. Təsadüfi deyil ki, bu gün İlham Əliyevin adı dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə bir sırada çəkilir. Dünyanın siyasi xəritəsində və beynəlxalq münasibətlər sistemində yeri olan aparıcı dövlətlərin rəhbərləri Azərbaycana və onun prezidentinə dərin rəğbət və böyük ehtiramla yanaşırlar.

Tariximizə qızıl hərflərlə yazılan uğurların müəllifi

Yüksək beynəlxalq imic, kosmik klubun üzvü, regionun lideri, beynəlxalq miqysada dünyada söz sahibi və dayanıqlı inkişaf… Bütün bunlar müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlərin yalnız bir qismidir. Ötən ilin Vətən mühariəsində isə titulların sırasına biri də əlavə olundu: qalib dövlət. Xalqımızın ulu öndəri Heydər Əliyevin müəyyən etdiyi və ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yol, qazandığımız hər bir nailiyyət təsdiq edir ki, bu siyasətin alternativi yoxdur.

18 il bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrdə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi nailiyyətlər, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizi dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Cəmi iki ay əvvəl müstəqilliyinin bərpasının üçüncü onilliyini geridə qoyan respublikamızın qısa zaman kəsiyində böyük tərəqqi yolu keçməsi ən böyük uğurlarımızdan biridir. Bir vaxtlar burulğanlardan keçən, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan indi siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf etməkdə olan, bölgənin əsas iqtisadi potensialına sahib qüdrətli dövləti məhz Azərbaycandır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.

Cənab İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində qazanılan uğurların bir qisminə nəzər salaq: 18 ildə Azərbaycan iqtisadiyyatı təxminən 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb, valyuta ehtiyatlarımız 50 milyard dolları ötüb. Bu illər ərzində hazırda Azərbaycanın iqtisadi inkişafına əvəzsiz töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib, Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunub, «Cənub Qaz Dəhlizi» çəkilib, Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salınıb. Bu dövrdə respublikamızda altısı beynəlxalq olmaqla, yeddi aeroport tikilib, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, orbitə 3 peyk çıxarılıb, yeni elektrik stansiyalarının inşası nəticəsində 3 min meqavatdan artıq yeni generasiya gücü yaradılıb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 96,3 faizə çatıb, 17 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulub.

Azərbaycan üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Bunun da əsas səbəblərindən biri dövlət proqramlarının icrası nəticəsində yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqtisadi geriləmənin yaşandığı və sınaq dövrü olan illərdə də Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Şəffaf idarəçilik, xalqa verilən hesabatlar

Əlbəttə hər bir uğur Prezident İlham Əliyevin siyasi kursunun təntənəsi olmaqla yanaşı, həm də dövlətimizin başçısının liderlik keyfiyyətlərinin nəticəsi kimi nəzərdən keçirilir. Eyni zamanda, Azərbaycanın yüksəlişi, xüsusən iqtisadi inkişafı barədə danışarkən əsasən ənənəvi amillərə üstünlük verilir. Bunlar ölkə rəhbərliyinin yürütdüyü düşünülmüş və elmi əsaslara söykənən inkişaf strategiyası, həyata keçirilən islahatların uğurlu nəticə verməsi, dövrün çağırış və tələblərindən irəli gələrək islahatların davamlı olması, iqtisadi potensialın hərəkətə gətirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, sənayeləşmə siyasəti, neft gəlirlərindən səmərəli istifadə olunması, xüsusən bu gəlirlərin qeyri-neft sektoruna və insan kapitalına yönəldilməsi və sairdir.

Amma onu da qeyd etməliyik ki, inkişafın daha bir ciddi amilinə xüsusi diqqət yetirməliyik. Bu da Azərbaycan cəmiyyətində bərqərar olunan konsensus və həmrəylik, ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin ətrafında sıx həmrəyliyidir. Bütün bunların təmin olunmasında isə Prezident İlham Əliyevin vətəndaşlarla, ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, keçirdiyi görüşlər əvəzsiz rol oynayır.

Öncə onu qeyd edim ki, politoloji nəzəriyyələrə əsasən, siyasi uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqla ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu prinsip daim önə çəkilir.

Hələ 2003-cü ildə prezident kimi keçirdiyi hökumətin ilk iclasında çıxışı zamanı “Biz xalqın xidmətçisiyik” deyən cənab İlham Əliyev ötən 18 ildən artıq müddətdə ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar, hər rüb və il üzrə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, həmin problemlərin həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir. Məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi Prezident İlham Əliyev xalq qarşısına daim yeni uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın tərəqqisinə, sabitliyə, vətəndaş sülhünə yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Vətəndaşlarla ünsiyyət inkişafın əsas şərtlərindən biri kimi özünü göstərir

Əlbəttə ki, inkişafın təməlində dayanan əsas şərtlərdən biri cəmiyyətimizdəki konsensusdur. Bu konsensusun təmin olunmasında isə əsas rolu siyasi-iqtisadi amillərlə yanaşı, Prezident İlham Əliyevin vətəndaşlarla görüşləri və vətəndaş müraciətlərinə çevik reaksiyası oynayır. Müxtəlif tədbirlər çərçivəsində, bayramlarda, rayonlara səfərlər zamanı əhali ilə birbaşa təmasda olan prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək, qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Məsələyə bu prizmadan yanaşsaq görərik ki, dövlətimizin başçısının fəaliyyətinin ən mühüm tərəflərindən biri vətəndaşlarla təmaslara, ünsiyyətlərə söhbətlərə vaxt ayırması, belə görüşləri fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirməsidir.

Ümumiyyətlə, ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür.

Xatırladım ki, ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmışdır.

Hazırda bu xətti cənab İlham Əliyev öz fəaliyyətində layiqincə və uğurla tətbiq edir. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin fəaliyyətində – istər vətəndaşlarla görüşlərində, istərsə də ölkənin regionlarına səfər proqramlarında əsas yeri məhz sakinlərlə görüşlər təşkil edir. Bu səfərlər zamanı müxtəlif obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, onlarla görüşdə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Rəsmiyyətçilik baryerlərini aşaraq, son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər cənab prezidentin vətəndaşlara olan həssas münasibətini nümayiş etdirir.

Azərbaycanda sosial-iqtisadi inkişafla  bağlı həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı istiqamətləri də məhz Prezident İlham Əliyevin regionlara səfərləri və burada vətəndaşlarla görüşləri zamanı formalaşıb. Bu görüşlər dövlət siyasətinin daha da təkmilləşməsi üçün yeni imkanlar açıb. Məsələn, Prezident İlham Əliyev bölgələrə ardıcıl səfərlər etdikdən, vətəndaşlarla ünsiyyətdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni tədbirlər planını təsdiqləyir, prezidentin ehtiyat fondundan bu məqsədlə əlavə vəsaitlər ayrılır. Bu isə öz növbəsində həm ölkənin hərtərəfli inkişafına təsir edir, həm də cəmiyyətimizdəki konsensusun daha da möhkəmləndirilməsini təmin edən vacib amil kimi özünü göstərir.

Prezident İlham Əliyevin regionlara səfəri şəhər və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmayıb, eyni zamanda sadə insanların həyatında dərin və silinməz iz buraxıb. Cənab İlham Əliyevin kütlələrlə ən qısa ünsiyyəti belə onun əksər siyasi keyfiyyətlərini parlaqlığı ilə əks etdirir.

Danışıq tərzi, nitqindəki rəvanlıq, məntiqi ardıcıllıq, soyuqqanlı reaksiya, təmkin, psixoloji sabitlik Azərbaycan prezidentinin siyasi portretinin aydın cizgiləridir.

Vətəndaşların dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulması da olduqca vacibdir. Xüsusən söhbət sosial dövlətdən və ədalətli cəmiyyətdən gedirsə, burada vətəndaş müraciətlərinə diqqətlə yanaşılmalıdır. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır. Ölkə prezidentinin tapşırığı ilə 2013-cü ilin aprel ayından başlayaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbullarının həyata keçirilməsi işi də insanları narahat edən məsələlərin aradan qaldırılmasına mühüm töhfə olmaqla bərabər, vətəndaşlarla ünsiyyətin bir formasıdır. Şübhəsiz, prezidentin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları başçılarının regionlarda mütəmadi keçirdikləri görüşlər xalqın dövlət institutlarına etimadını daha da yüksəldir. Odur ki, xalq-iqtidar birliyi bizim inkişafımızı getdikcə sürətləndirir, vətənimizin iqtisadi qüdrətinin artması, sosial rifahımızın daha da yüksəlməsi üçün ciddi əsaslar yaradır.

Prezident İlham Əliyev mövcud problemləri birbaşa vətəndaşların

öz dilindən eşitməyə üstünlük verir

Hər bir cəmiyyətin inkişafına və sosial həmrəyliyinə yol açan əsas şərtlərdən biri insanların qayğılarına, onları narahat edən məsələlərə diqqətlə yanaşılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən məqamlardan biri də mövcud problemləri birbaşa vətəndaşların öz dilindən eşitməyə və onların arzu və istəkləri əsasında həll etməyə üstünlük verməsidir. Bu, ilk növbədə xalqa olan hörmətin sübutudur.

Cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, birbaşa onların qayğıları ilə maraqlanması həm də sarsılmaz xalq-prezident münasibətlərinin təcəssümüdür.

Elə buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamilərini, güvənc yerlərini görür və bununla da fəxr edirlər. Özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və bu, xalqın öz prezidentinə olan inamı, etimadı daha da artırıb. Müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilən sosioloji sorğularda Prezident İlham Əliyevin reytinqinin artmasının səbəblərindən biri də budur. Möhtərəm prezidentimizin rayon ictimaiyyəti ilə mehriban görüşlərinin, səmimi söhbətlərinin ictimaiyyət tərəfindən necə rəğbətlə, ruh yüksəkliyi ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir reallığa işıq salır ki, cənab İlham Əliyev hər kəsin prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməsi daim çıxışlarında qarşıya qoyduğu tapşırığın – “hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” – real həyatda ifadəsidir.

Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını bütün cəmiyyətin işinə çevirib. Prezident şəhid ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət başçısı öz ad günlərində hər zaman xalqın arasında olur.

“Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz”, – deyə Prezident İlham Əliyev 2011-ci ildə Ağcabədidə məcburi köçkünlərlə görüşündə bildirmişdi. 2016-cı ilin aprelində Ermənistan cəbhə xəttində təxribat törədəndə və nəticədə insanlar ev-eşiksiz qalanda yenə də onların harayına ilk çatan Prezident İlham Əliyev oldu. Onun dərhal təmas xəttinə gəlişi düşmənlə üz-üzə dəyanətlə dayanan insanlara inanılmaz ruh vermişdi. Bu həm də xalqın liderinin qətiyyət və mərdliyinin, xalqla bir olmasının gözəl örnəyi idi. İnsan amilinin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanmasını kifayət qədər faktlarla göstərmək olar. Bu sırada xüsusən əvvəldən proqnozlaşdırılması mümkün olmayan təbiət hadisələri zamanı və digər ekstremal situasiyalarda dövlətin çevik reaksiyası xüsusilə qeyd olunmalıdır. 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı ilk gündən həyata keçirilən təxirəsalınmaz tədbirlər də göstərdi ki, insan amili hər zaman prioritetdir.

Hadisədən sonra dərhal Şamaxıya gələn İlham Əliyev sakinlərlə görüşmüş, dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi: «Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq sərəncam imzalanacaq, prezidentin ehtiyat fondundan vəsait ayrılacaq».

İlham Əliyevin Şamaxıya həmin səfəri, şübhəsiz ki, yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu səfər ümumilikdə prezidentin idarəçilik fəlsəfəsinin məntiqi təzahürü idi. Dövlət başçısı daim ölkədə baş vermiş ekstremal hadisələrə çevik münasibət bildirib, hadisə yerinə şəxsən baş çəkib və bu prosesdə insanların maraqlarının qorunmasını ön plana çəkib, ən nəhayət, vətəndaş mənafeyinə həssas münasibətin nümunəsini yaradıb. Prezident İlham Əliyev ayrılıqda hər bir zərərçəkən vətəndaşa ürək-dirək verərək, “Yeni ev tikiləcək, narahat olmayın” deyərək, onlara ürək-dirək verirdi. Ağbirçək Saray xanımın dövlətimizin başçısına “Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq etsin. Nə yaxşı ki, varsınız. Biz Sizinlə qürur duyuruq”, – deyə dualar söyləməsi sadə insanların qəlbinin hərarətini gözəl ifadə edirdi.

Həmin ilin dekabr ayında Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı rayon sakini Xuraman Həsənovanın dediyi sözlər dövlət başçısı ilə ünsiyyətin insanların və bütövlükdə cəmiyyətin ovqatına necə təsir etdiyini göstərir. Xüsusilə, koronavirus pandemiyasının davam etdiyi bir vaxtda ölkə başçısının regionlara səfəri cəsarət göstəricisidir. Cənab prezident heç nədən çəkinmədən prosesləri yoxlayır. Deməli, İlham Əliyev vətəndaşını düşünür. Yəni, bir növ “mən sizin yanınızdayam, sizinlə bərabərəm” deyir.

Eyni sözləri Birinci vitse-prezident Mehriban Əliyeva haqqında da söyləmək mümkündür. Həmişə olduğu kimi, pandemiya dövründə də Mehriban Əliyeva dövlət və milli həyatın bütün sahələrində prezidentlə çiyin-çiyinə addımladı, öz fəaliyyəti ilə hər zaman xalqın yanında oldu.

Fəaliyyətini xalqa xidmət prinsipi üzərində quran Prezident İlham Əliyev bu yaxınlarda Quba rayonuna səfəri çərçivəsində ənənəsinə uyğun olaraq sakinlərlə də söhbətləşdi. Sadə vətəndaşlar bu ünsiyyətin timsalında bir daha ölkə rəhbərinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər.

Dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, daim ictimaiyyət arasında olması, insanlarla ünsiyyəti cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm nüanslardır.

Dövlət başçısı keçmiş məcburi köçkünlərlə artıq Qarabağ və Şərqi Zəngəzurda görüşür

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı öz tarixinin yeni, həm də şərəf dolu mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas özləlliklərindən biri işğaldan azad olunmuş ərazilərimizin kompleks şəkildə yenidən qurulmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri və fəal iştirakı ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində doğma torpaqlarımız göz önündə yenidən dirçəlir.

2020-ci ilin payızında təsəvvür belə etməzdik ki, cəmi bir ildən sonra Füzulidə beynəlxalq hava limanı istifadəyə veriləcək, yarımstansiyalar inşa olunacaq, doğma torpaqlarından köçkün düşmüş vətəndaşlarımız üçün Qarabağ və Şərqi Zəngəzurda «ağıllı kənd»lərin» salınmasına, bütün azad olunmuş ərazilərimizi əhatə edən yeni yol şəbəkəsinin qurulmasına başlanacaq və s. Bəli, Azərbaycana rəhbərliyi dövründə möhtəşəm yüksəliş nümunələri yaradan Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru da sürətlə bərpa edir. Azad olunmuş ərazilərimizdə aparılan kompleks yenidənqurma işləri dövlətimizin qələbəsinin təntənəsidir. Yüksək templə başlanan bərpa işləri sürətlə davam etdirilir, azad olunmuş torpaqlarımız ən yüksək səviyyədə yenidən qurulur və bunların hər biri keçmiş şöhrətini özünə qaytarır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, o cümlədən Naxçıvanı ölkəmizin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycanın qalibiyyətini bir daha dünyaya bəyan edəcək.

Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfər etməsi bərpa və quruculuq işlərini özünün şəxsi nəzarətində saxlamasından xəbər verir. Bu səfərlərin hər biri mühüm hadisələrlə yadda qalır, azad olunmuş torpaqlarımızın bərpası prosesinə böyük töhfələr verir. Xüsusən Prezident İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa rayonlarımızın işğaldan azad edildiyi tarixlərdə səfərlər etməsi və burada yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirməsi Vətən müharibəsindəki qələbə tariximizin mühüm səhifələridir. Həm də dövlət başçısı azad olunan yurdlara oranın doğma sakinləri, keçmiş məcburi köçkünlərlə birgə yollanır, onları ev sahibi kimi salamlayır, “Xoş gəlmisiniz” deyir. Prezident əminliklə onu da vurğulayıb ki, sürətli quruculuq işləri sayəsində tezliklə Vətənlərinə dönəcək olan bu sakinlər özləri Ona tezliklə doğma ocaqlarında “Xoş gəlmisiniz, cənab prezident” söyləyəcəklər. Bəli, 2020-ci ilə qədər Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdan olan vətəndaşlarımızla keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbələrdə görüşürdüsə, indi onlarla Ağdamda, Cəbrayılda, Zəngilanda, Hadrutda, Füzulidə, Şuşada, Kəlbəcərdə, Qubadlıda görüşür.

2021-ci il may ayının 28-də Ağdamda rayon ictimaiyyəti ilə görüşən dövlət başçısı Ağdam şəhərinin və bir sıra vacib infrastrukturların təməlini qoydu.

Müzəffər Ali Baş Komandanın 2021 ilin 4 oktyabrında azadlığını təbrik etmək üçün üz tutduğu ünvanlardan biri Şərqi Zəngəzurun cənnət mələyi Cəbrayıl oldu. Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə birgə şəhərin bərpasının ilk təməl daşını qoydu.

Bundan cəmi 5 gün sonra – 9 oktyabrda isə prezident xocavəndlilərlə birgə Xocavəndin azadlıq gününü qeyd etdi. Xocavənd rayonunun Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı olan böyük planların icrasına start verdi.

Azərbaycan prezidenti 2021-ci il oktyabrın 17-də Füzuli rayonunun təməl daşını qoydu, ictimaiyyət ilə görüşü zamanı bildirdi ki, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb, birinci infrastruktur layihələri də məhz burada başlayıb.

Cəmi 9 gün sonra, oktyabrın 26-da yenidən Füzuliyə səfər edən Prezident İlham Əliyev qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdi. Qısa zamanda Füzulidə Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi və icra edilən digər böyük layihələr isə dövlətimizin həm niyyətini, həm də potensialını bir daha nümayiş etdirdi. Zəngilanın azadlığının ildönümündə, 2021-ci ilin 20 oktyabrında rayonun doğma sakinləri ilə Zəngilanda görüşən İlham Əliyev vurğuladı ki, məqsədimiz Azərbaycanın ən gözəl yerlərindən biri olan Zəngilanı yenidən qurmaqdır. “Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək”, – deyən İlham Əliyev məlumat verdi ki, burada turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür.

Prezident xalqımızı və bütün qubadlıları 2021-ci il oktyabrın 25-də Qubadlıdan salamladı. Qubadlıda da açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı rayon sakinləri ilə görüşü zamanı qeyd etdi ki, bütün kəndlər, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün, əlbəttə ki, çox böyük işlər görüləcək.

Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfərlər zamanı ictimaiyyətlə ünsiyyətin yeni formasını yaratdı

Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər biri tarixi hadisəyə çevrilən çoxsaylı səfərləri böyük siyasi, iqtisadi əhəmiyyəti ilə yanaşı, xalqın inam və məhəbbətinin əyani nümayişi olaraq yaddaşlara həkk olundu. Və hər səfərində ölkə rəhbəri insanlar, xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Yaxşı xatirimizdədir ki, 2020-ci il 16 noyabr tarixində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə ilk səfərini etdi. Füzuli və Cəbrayıl rayonunlarına edilən səfər zamanı sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Qalib prezidentə xalqın ehtiramının sonsuz olduğu aydın görünürdü.

Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsinin gedişində qəhrəman Ordumuz işğal altındakı şəhər və rayonlarımızı düşməndən bir-bir təmizlədikcə, xalqımıza müraciətlər edir, özünün rəsmi twitter səhifəsində qələbə paylaşımları ilə insanları sevindirirdi. Vətən savaşında rayonlarımızın azad edilməsinin birinci ildönümü günlərində dövlətimizin başçısı yağı tapdağından qurtulan şəhər və rayonlarımıza getdi, oraya dəvət etdiyi keçmiş məcburi sakinlərlə görüşdü, onlarla sevinc və fərəhini bölüşdü.

Prezident İlham Əliyev 18 il idi ki, bu günü gözləyirdi, bu günə addım-addım yaxınlaşırdı. Bu bəxtəvərliyi, bu xoşbəxtliyi xalqına yaşatmaq üçün nələr etmirdi, hansı fədakarlığı göstərmirdi, hansı maneələri, əngəlləri dəf etmirdi?! Bir tərəfdən ölkəmizin iqtisadi inkişafını şərtləndirən önəmli layihələr reallaşdırır, xalqımızın, o cümlədən erməni cəlladları tərəfindən doğma yurd-yuvalarından didərgin salınan məcburi köçkünlərin sosial şəraitlərini yaxşılaşdırmaq məqsədilə tədbirlər həyata keçirir, Silahlı Qüvvələrimizi mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq sarıdan gücləndirir, digər yandan isə Azərbaycanın haqq səsini, ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətini, faşist mahiyyətini beynəlxalq aləmə çatdırırdı.

Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər əldə etməsini şərtləndirən bütün bu amillər Prezident İlham Əliyevin fədakar fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısı da bu qələbənin qazanılacağına əminliyini daim ifadə edir, məcburi köçkünlərlə görüşlərində onların diqqətinə çatdırırdı.

İlham Əliyev dünyanın hər bir guşəsində, hər bir tədbirdə ən çox arzu edilən və sevilən şəxsiyyətdir. Hər yerdə onu hörmətlə qarşılayır, diqqətlə dinləyir, müdrik fikirlərindən, səmərəli təkliflərindən bəhrələnirlər. Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı Prezident İlham Əliyev həm də ictimaiyyətin nümayəndələri ilə ünsiyyətin yeni formasını yaratdı. Prezidentimizin xoş aurası, sadə və səmimi davranışı, inamlı və qətiyyətli çıxışı həmin görüşlərin iştirakçılarını özgə bir aləmə apardı! Həmin görüşlərin iştirakçıları viranəliyin şokundan ayılaraq, yeni layihələrin yaradacağı xoş mənzərələrin təsiri altına düşdülər. Liderlik nümunəsi və xalq sevgisinin təcəssümü budur.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfər etməsi, rayon ictimaiyyəti ilə görüşlər keçirməsi xalqımızı daha da qürurlandırır.

Bu görüşlərdə şəhər və rayonlarımızın dirçəlişindən danışan Qarabağın xilaskarı İlham Əliyevin hər kəlməsi, hər fikri bir tezisə çevrilir.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonların sakinləri, o cümlədən Ali Baş Komandanı olduğu qalib ordunun zabit və əsgərləri ilə görüşləri son dərəcə səmimi görüntülərlə yadda qaldı. Bu gün ordumuzun sıralarında qulluq edən gənclər torpaqlarımızın işğal edildiyi dövrü görməyiblər. Amma möhtərəm İlham Əliyevin yürütdüyü siyasət nəticəsində onların hər biri vətənpərvər vətəndaşlar kimi yetişib, formalaşıblar.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi Azərbaycan prezidentinin elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. Bəli, millətin öndə gedəni olmaq – bu, yalnız güclü liderlərə, güclü şəxsiyyətlərə məxsus böyüklük, həm də onu yetirən xalqın xoşbəxtliyidir. Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var. Ona görə bu gün ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Şaddır ona görə ki, cənab prezidentin rəhbərliyi altında biz öz dədə-baba torpaqlarımıza qayıtdıq. Şaddır ona görə ki, İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi.

İlham Əliyev Azərbaycanın hər bir vətəndaşının prezidenti oldu

Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadəcə vəd vermirdi, xalqa xidmətin gələcək strategiyasını nümayiş etdirirdi. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə insanların yanında oldu, onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəmədi.

Ölkədə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun da əsas səbəbi cənab prezidentin fəaliyyət və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, bütün prezident seçkiləri seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Əsl liderlər istənilən neqativ meyillərə qarşı vaxtında qabaqlayıcı və adekvat tədbirlər həyata keçirir, ən çətin anlarda vətəndaşının yanında olur, onların mənafeyinə cavab verən çevik qərarlar qəbul edir. Bu da öz növbəsində ondan peşəkarlıq, erudisiya, uzaqgörənlik, öz xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.

Müəllif: Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə 

 

 

 

Son xəbərlər
Digər xəbərlər