10 C
Baku
Thursday, December 12, 2024

10/10/10 qaydası sizə çətin qərar verməyə necə kömək edə bilər

Çətin bir sual ilə qarşılaşdıqda, gələcək barədə düşünmək çətin olur. Şərait sizi sıxışdırır, qeyri-müəyyənliyə qapılırsınız, fikrinizi gündə bir neçə dəfə dəyişirsiniz. 

Belə bir vəziyyətdə ən pis seçim – duyğulara təslim olmaqdır. Adətən insanlar qəzəbli, istəkli və ya narahat olduqda, qəbul edilən qərarlara görə peşman olurlar. Kaş ki, “ləğv et!” düyməsi olardı!

Unutmayın ki, siz duyğulara tabe olmaq məcburiyyətində deyilsiniz. Hətta ən güclü hisslər belə keçib gedir, buna görə çalışın çətin qərarları səhər saatlarında verəsiniz. Düzdür, bu yaxşı məsləhətdir, amma həmişə kifayət etmir. Strategiyaya ehtiyac var. 

Biznes kitablarının müəllifi və “Harvard Business Review” nun baş redaktoru Syuzi Uelç bunun üçün uyğun alət tapdı – 10/10/10 qaydası. Bu qayda qərarı üç meyar üzrə qiymətləndirməyə kömək edir:

  1. Bu qərarı verəndən 10 dəqiqə sonra özümü necə hiss edəcəyəm?
  2. Bəs 10 ay sonra?
  3. Bəs 10 il?

Bu qaydanın necə işlədiyinə yaxşı nümunə var – tanışımız Ennini narahat edən problemin həlli yolu. Enninin artıq 36 yaşı var idi və o, bu yaşda karyera inkişafının son pillələrində olmaq istəsə də, buna nail ola bilmirdi. Enni düşünürdü ki, “artıq gecdir” və bundan sonra nə qədər səy göstərsə də, heç bir nəticə əldə edə bilməyəcək. O, tərəddüd edirdi: görəsən, rəhbər ilə vəzifə yüksəlişi məsələsini müzakirə edimmi? Biz ona 10/10/10 qaydasından istifadə etməyi tövsiyə etdik. Enni özünə üç sual verməli idi:

– 10 dəqiqə sonra: “Çox həyəcanlı olacağam. Lakin buna baxmayaraq, özümlə qurur duyacağam ki, bunu bacardım”.

– 10 ay sonra: “Peşman olacağımı düşünmürəm. Əlbəttə ki, hər şeyin uğurla başa çatacağını arzu edirəm. Amma alınmasa belə pis olmayacağam”.

– 10 il sonra: “Nəticə nə olursa olsun, 10 il sonra bu artıq əhəmiyyətli olmayacaq”.

10/10/10 qaydasından istifadə edərək, qərar vermək çox asan oldu. Enni cəhd göstərdiyinə görə, özünlə qürur duyacaq və heç bir nəticə əldə edə bilməsə belə peşman olmayacaq. Narahatlıq və “rədd” cavabını eşitmək qorxusu düzgün qərar verməyə mane olur. 

İnsanlar indiki zamanda baş verən hadisələri rəngarəng, gələcəyi isə bulanıq görürlər. 10/10/10 qaydası fokusu indiki zamandan gələcək zamana sürüşdürməyə kömək edir. 

10/10/10 qaydası istənilən sahədə faydalı ola bilər. Məsələn, uzun müddətdir ki, həmkarınızla hər hansısa məsələni müzakirə etmək istəyirsiniz və cəsarət edə bilmirsiniz. Bəli, söhbətdən 10 dəqiqə sonra çox güman ki, stress yaşayacaqsınız. 10 ay və 10 il sonra nə hiss edəcəyinizi təsəvvür edin. Şübhəsiz ki, bu konflikti həll etdiyinizə və ya bəlkə faydalı dərs götürdüyünüzə şad olacaqsınız. 

Buna görə də, çətin bir qərar və ya hər hansısa işi təxirə salmaq istəyi ilə qarşılaşdıqda, bu üç suala cavab verin və görəcəksiniz ki, ani emosiyalar dinləməli olduğunuz tək şey deyil.

Son xəbərlər
Digər xəbərlər