Süni intellektə nəzarət üzrə Süni intellekt (Sİ) sistemlərinin hazırlanması beynəlxalq təşkilatın nəzarəti altında həyata keçirilməlidir.
Bu fikri Amerikalı milyarder və “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts “The Times” qəzetinin podkastında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, belə bir qurum nüvə silahlarının yayılmamasına dair rejimə və ya iqlim sazişlərinə əməl olunmasına nəzarət edən təşkilatların, eləcə də beynəlxalq aviasiya tənzimləyicisinin elementlərini özündə birləşdirə bilər.
“İstəyirsiniz ki, siyasətçilər hökumət daxilində ekspertizanı artırsınlar, lakin bu çağırışlar ətrafında bütöv bir institutlar sistemi yaratmaq lazımdır”, – deyə Qeyts bildirib. O qeyd edib ki, Sİ-nin inkişafı “ixtiraların yaradılmasına yanaşmanın özünü dəyişəcək” və bu, insanların həyatına köklü şəkildə təsir edəcək.
Bununla yanaşı, iş adamı bir çox insanın baş verən proseslərin əhəmiyyətini anlamamasına, universitetlərin və analitik mərkəzlərin isə müzakirələrə kifayət qədər cəlb olunmamasına təəccübləndiyini bildirib.
Onun fikrincə, bu, Sİ-nin inkişafına qlobal nəzarət üzrə vahid sistemin, eləcə də ölkə daxilində müəyyən tənzimləmələrin olmaması ilə bağlıdır. Nəticədə bu texnoloji sahəni özləri tənzimləyən tərtibatçılar ilk növbədə öz maraqlarını nəzərə alırlar.
“The Times” isə beynəlxalq fikir ayrılıqlarının dərinləşdiyi və bu sahənin böyük maliyyə maraqları doğurduğu şəraitdə belə bir təşkilatın yaradılması perspektivlərinin zəif göründüyünü qeyd edir.
Qeyts həmçinin bildirib ki, Sİ-nin inkişafı yalnız bazarın ixtiyarına buraxılarsa, ən effektiv alətlər ilk növbədə onların haqqını ödəməyə ən çox imkanı olan insanlar və təşkilatlar üçün hazırlanacaq. Onun sözlərinə görə, bu alətlərdən ən çox faydalana biləcək şəxslərin məhz onlar olması heç də şərt deyil.







