23-24 noyabr 2017-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adı altında II “Bankçılıq Forumu”nun keçirilməsi planlaşdırılır.
Forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.
Forumda xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar, nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri, müasir bankçılıqda komplayns və bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri üzrə panellər, qeyd edilən məsələlər ətrafında çıxışlar və müzakirələr təşkil olunacaqdır.
Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edəcəkdirlər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.