Qərb şirkətlərinin çox hissəsi 25-36 yaş aralığına daxil olan namizədlərə üstünlük verir. Bunlara Verizon, Amazon, Goldman Sachs, Target və Facebook-un özü daxildir. Gənc idarəçilərə üstünlük verən şirkətlər nə itirilər?
Müasir dövrdə ideyanın yaranması ilə realizəsi arasında cəmi bir neçə saat keçə bilər, bilik “tez xarab olan” əmtəə çevrilib – biznes ya bu tempə uyğunlaşır, ya da bazarı tərk edir. Belə bir şəraitdə şirkətlər daha çox gənc idarəçilərə üstünlük verirlər, çünki adətən onlar şəraitə daha tez uyğunlaşa bilirlər. Lakin, işçi heyətinin “cavanlaşdırılması”, müəssisəni destabilizasiya edə bilər. Müasir dövr yetkin yaşına çatmış CEO-lar üçün sınaq dövrüdür – onlar vərdiş etdiyi konsepsiyalardan imtina etməli və dəyişiklərə uyğunlaşmalı olurlar.
Köhnə qvardiya
Bu gün yaşlı idarəçilər – 60 yaşı ötənlər – adətən səhiyyə, kənd təsərrüfatı, ağır sənaye, yanacaq energetikası və qaz sektorunda rast gəlinirlər. Bu insanlar öz karyerasına gənc yaşlarından başlayaraq, yüksək vəzifəyə çatmaqda müvəffəq ola biliblər. Təbii ki, belə bir mütəxəssis bütün daxili prosesləri bilir və onun təcrübəsi sənaye müəssisələrində xüsusilə vacibdir. Əslində, Qərbdə təcrübəli CEO-larla vidalaşmağa tələsmirlər – “Skolkovo” biznes məktəbinin keçirdiyi tədqiqatın nəticələrinə görə, Qərb yarımkürəsində top-menecerlər müqayisədə adətən 5-10 yaş böyük olurlar. Məsələn, Merck & Co – dərman istehsal edən şirkətdir, qərargahı ABŞ-da yerləşir. Merck & Co-da siz 65 yaşdan sonra da çalışa bilərsiniz, belə ki, şirkətin CEO-su Kenneth Fraser, vəzifəsini hələ də tərk etməyib. American International Group-un rəhbəri Brian Duperreault, bu vəzifəyə 72 yaşında gəlmişdir, General Electric şirkətinin başında isə 63 yaşlı Jeffrey Immelt durur.
Information Technology & Innovation Foundation qeyri-kommersiya təşkilatının tədqiqatçılarının keçirdiyi sorğu nəticələrinə görə, amerikalı yenilikçinin yaşı orta hesabla 47-dir.
Max Planck İnstitutunun insanın inkişafı üzrə keçirdiyi Cogito Study tədqiqatının nəticələrinə görə, 65-80 yaş aralığında olan insanlar yeni informasiyanı daha tez yadda saxlaya bilir və daha sabit nəticələr nümayiş etdirirlər. Müəlliflər qeyd edirlər ki, yetkin yaşına çatmış işçilər nisbətən daha məhsuldar və etibarlı olurlar. Məsələ ondadır ki, gənclər rutin işlərdən daha tez yorulurlar və diqqətini bir məsələnin həlli üzərində cəmləşdirə bilmirlər.
Qeyri-bərabər şanslar
Hired rekrutinq şirkətinin məlumatlarına əsasən, texnoloji şirkətlərin əməkdaşları arasında yaş kriteriyası olduqca önəmlidir. Belə ki, 45 yaşdan sonra əmək haqqı azalır və işçilər ayrı-seçkiliyə məruz qalırlar. AARP-nın (ABŞ-da yetkin yaşına çatmış insanların hüquqlarını müdafiə edən təşkilat) keçirdiyi sorğu nəticələrinə görə, texnoloji şirkətlərin əməkdaşlarının 2/3 hissəsi ya ayrı-seçkiliyə məruz qalıblar, ya da belə halların şahidi olublar.
Ötən ilin yanvar ayında bütün KİV-lər Hewlett Packard şirkətində kadr dəyişikliyi barədə danışırdı. Məsələ məhkəmə prosesinə qədər gəlib çatdı. İddiada deyilirdi ki, şirkət yaşlı işçiləri işdən azad edərək, onların yerinə gənc mütəxəssisləri işə götürür. Zərərçəkənlərin fikrincə, belə bir tendensiya şirkət daxilində artıq adət halına çevrilib. Sərmayəçilər və sahibkarlar başa düşürlər ki, bu gün qarşıya qoyulmuş planka sabah aktuallığını itirir və keyfiyyətli sıçrayış üçün şirkətdə gənc mütəxəssislərin sayını artırmaq lazımdır. 2017-ci ildə The New York Times qəzetinin qalmaqallı tədqiqatının nəticələrinə görə, Qərb şirkətlərinin bir hissəsi 25-36 yaş aralığına daxil olan mütəxəssislərə üstünlük verirlər və bu kateqoriyaya daxil olmayan insanlar üçün mövcud vakant yerləri “görünməz” edirlər. Belə şirkətlərə Verizon, Amazon, Goldman Sachs, Target və Facebook-un özü daxildir.
Gənc və təcrübəsiz
Google axtarış sistemi, Square elektron ödənişlər şirkətinin CEO-ları (Larry Page, Jack Dorsey) və Airbnb-nin top-menecment heyəti (Brian Chesky, Joe Gebbia, Nathan Blecharczyk) 45 yaşı aşmır. Yeni nəslin baş direktoru, əsasən, texniki, maliyyə və idarəetmə sahələrində ali təhsili olan 35-40 yaşlı insandır. Belə mütəxəssislər “rəqəmlərə” olan yaxınlıq, ümumi tendensiyanı görmək qabiliyyəti və qeyri-standart hallarda tez bir zamanda qərar qəbul etmək bacarığı ilə fərqlənirlər. Vacib olan digər bir şey – onlar hansı proseslərə nə qədər pul yatırmaq lazım olduğunu başa düşürlər. Bu gün belə mütəxəssislərə tələbat olduqca yüksəkdir.
Bəs təcrübəli işçilər necə?
Müasir dövrdə hər bir şirkət zamanla ayaqlaşmalı, şəraitə tez uyğunlaşmağı bacarmalı və təkminləşdirmə ilə məşğul olmalıdır – bu, minimumdur. Köhnə ideyalardan imtina etməyi və yeniləri qəbul etməyi öyrənməli, dəyişikləri narahatlıq kimi qəbul etməməli – bu, maksimumdur. Başa düşmək lazımdır ki, gənclik – resursdur və ondan faydalı şəkildə istifadə etmək lazımdır. Yetkin yaşına çatmış CEO-lar rəqabətdən qorxmalı deyillər, onlar aktual problemlərin həllini gənclərə ötürməli, öz təcrübəsini bölüşməlidirlər. Qeyd etmək lazımdır ki, konsaltinq sahəsində daha çox yaşlı mütəxəssislərə üstünlük verilir.
General Electric şirkətinin sabiq rəhbəri olan Jack Welch, 83 yaşında olmasına baxmayaraq ABŞ-ın bazarında aparıcı mövqe tutan iri oyunçularla biznes-konsultasiyalar keçirir.
Gənc inqilabın riskləri
Biznes şirkətdə gənc və yaradıcı insanların gəlişinin müəyyən risklər ilə müşayiət edildiyini başa düşməlidir. Onlar çox həvəsli olurlar və yeni iş mühitində inqilab etmək üçün tələsirlər. Sizin şirkətiniz bu yenidənqurmaya hazırdırmı? Gənc menecer bu sənaye sahəsində təcrübəsiz ola bilər, belə halda komandanın müqaviməti şirkətin bir nöqtədə ilişib qalmasına gətirib çıxaracaq. Bu məsuliyyət rəhbərliyin boynunda olur.
Yaşlı idarəçi – yeni kadrlar üçün gözəl məsləhətçidir. O, köhnə kollektivi çox yaxşı tanıyır və gənclərə yeni mühitə uyğunlaşmaqda köməklik edə bilər. Təcrübəli işçilər əməkdaşlar arasında yaranan mübahisələri həll etməli və səlahiyyətləri düzgün şəkildə paylamalıdırlar. Məsələn, məhsulun işlənib hazırlanması – təcrübəli CEO-nun, bazara çıxarılması isə – qlobal tendensiyalarla tanış olan gənc mütəxəssisinin işidir.