Lisenziyası ləğv edilən “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımov barəsində yenidən cinayət işi açılıb.
N. Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R. Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə ibtidai istintaq yekunlaşaraq, Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mail Bayramovun icraatında araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, hər iki şəxs 2014-cü ildə eyni maddələr üzrə ittiham olunub. İttihama görə, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirib.
O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 min 100 ABŞ dolları kredit rəsmiləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirib.
Natiq Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanov 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımov 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ediliblər.
Həmin şəxslər müəyyən müddətdən sonra azadlığa buraxılıblar.