1 C
Baku
Saturday, December 14, 2024

“Lisenziyaların ləğvindən sui-istifadə edənlər var” – Agentlik rəhbəri

“Hər kəs turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərdən birinə çevrilməsi üçün çalışır. Son illər bu sahədə xeyli işlər görülüb. Mövcud problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi məsuliyyətli vəzifə Dövlət Turizm Agentliyinin üzərindədir”

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turizm kompleks xidmət sahəsidir, inkişafı xidmət sferasının keyfiyyətindən asılıdır.

“İnanırıq ki, yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosasiyası mövcud potensialı inkişaf etdirmək, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq. Müəyyən problemlər mövcuddur və bunların həlli istiqamətində işlər görülür. Lisenziyaların ləğvi sənayedə canlanma yaratdı, lakin bundan sui-istifadə edənlər də oldu. Bu isə bütövlükdə ölkə turizminin imicinin zədələnməsinə səbəb olur”.

F.Nağıyev qeyd edib ki, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminə yenidən zərurət yaranıb: “Dövlət Turizm Agentliyi bu istiqamətdə dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turist şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Kiçik və orta biznesin inkişafı üçün turizm sahəsində investisiya qoyuluşlarının stimullaşdırmağa çalışırıq. İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi əsas hədəflərdəndir”.

DTA sədri əlavə edib ki, turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, onların ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır.

“Agentlik dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır. Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir”.

Azvision

Son xəbərlər
Digər xəbərlər