2 C
Baku
Saturday, December 14, 2024

Naftalandan “şokalad vannasında” foto paylaşan məmur qadın üzr istəyib

14.07

Ulyanovsk vilayətinin qubernatorunun müşaviri Svetlana Openışeva Naftalandan “şokalad vannasında” paylaşdığı fotolara görə hamıdan üzr istəyib. Virtualaz.org xəbər verir ki, Openışeva Facebook səhifəsində bu fotoları sadəcə olaraq “Azərbaycanda möhtəşəm və bahalı olmayan istirahətə” diqqəti cəlb etmək üçün paylaşmışdı.

“Əziz dostlar. Mənim postumdan hiddətlənən və ya özünün təhqir olunmuş sayan hər kəsdən publik olaraq üzr istəyirəm. Bir anlıq da olsun kimisə incitmək niyyətində olmamışam, sadəcə olaraq belə alındı ki, kiminsə hisslərinə toxundum və belə olduğu üçün peşimanam. Sadəcə olaraq möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm”,-məmur yazıb.

***

Rusiyanın Ulyanovsk vilayəti hökumətinin məmuru-qubernatorun müşaviri və vilayətin “Vətəndaşlar üçün hökumət” təsisatının rəhbəri Svetlana Openışevanın Naftalandakı “Garabag Resort&Spa” otelində dincələrkən neft vannasından paylaşdığı fotoların başına bəla olduğu haqda yazmışdıq.

Xatırladaq ki, qubernator Sergey Morozov məmurun barəsində təhqiqat başlatmağı və nəticədə onun işdən azad edilməsini tapşırıb. O, Naftalandakı müalicə vannasından selfie paylaşan məmurun “dəbdəbəli yaşayışını başqalarına nümayiş etdirməsini” kəskin qınayıb. Openışeva neft vannasından İnstagram-da paylaşdığı fotoya “Şokaladın çoxu olmur” sözlərini yazıb. Yəni Naftalan neftini şokalada bənzədib. Dərhal onu “Ulyanovskun Peris Hiltonu” adlandırıblar. Dəbdəbə gözəlçəsi Peris Hiltonun bir neçə il əvvəl həqiqi şokalad vannasında şəkil paylaşmasına eyhamla…

Openışeva artıq qalmaqallı fotolarını silib. Yerli mətbuat isə dərhal onun gəlirlərini, tutduğu vəzifəyə nə qədər uyğun gəldiyini və s. araşdırmağa başlayıb.

Belə məlum olur ki, məmur ötən il 2 milyon rubldan bir qədər çox gəlir bəyan edib. Bu, təxminən 30 min dollardır. Naftalandakı “Garabag Resort&Spa” otelində isə bir günlük qalmaq, yemək xərcləri 120 dollardır. Yəni məmurun leqal gəliri bu oteldə dincəlməyə tamamilə imkan verərdi. Habelə gəlir bəyannaməsinə əsasən Openışevanın 90 kvadratmetrlik mənzili, 233 kvadratmetrlik fərdi evi, 850 kvadratmetrlik torpaq sahəsi və “Toyota RAV4” (2012) avtomobili var. (Müqayisə üçün qeyd edək ki, Azərbaycanda adi “JEK” rəisinin də sərvəti bundan qat-qat çox olar,-red.)

299252 src

Bu baxımdan bəziləri hesab edirlər ki, Openışevanı “dəbdəbəli yaşayışda” günahlandırmaq düzgün deyil. “Nəyə görə adam məzuniyyət vaxtı Naftalan neftində müalicə oluna bilməz? Bu axı heroin deyil…Aydındır ki, fotoda Naftalan neftini “Krasnıy Oktyabr” fabrikinin şokaladına oxşatmaq olar. Lakin adam neftin şokalada oxşamasına görə niyə məsuliyyət daşımalıdır? O, p… da oxşayır, əgər yazsalar ki, məmur qadın p…vannası qəbul edib, o zaman bürokratik etika baxımından yaxşı alınar?”,-bu sözlər Forum-msk.org saytında yer alan məqalədəndir.

Məqalədə deyilir ki, qubernator 55 yaşlı qadının Naftalan vannasında selfie çəkməsini araşdırmaq əvəzinə onun tutduğu vəzifəyə nə dərəcədə uyğun gəldiyini araşdırmalı idi. Çünki Openışeva İT-mütəxəssis deyil və ixtisası, təcrübəsi bu sahəyə uyğun gəlmir…

Qeyd edək ki, Azərbaycanda hətta orta və xırda məmurların dəbdəbəli həyat tərzinə dair faktlar, milyonlarla dollarlıq mülklərinin , çoxsaylı lüks avtomobillərinin fotoları sosial şəbəkələrdə, KİV-lərdə yayılıb. Lakin onlar heç hallarını da pozmayıblar.

Virtualaz

Son xəbərlər
Digər xəbərlər