Çin fond bazarı 2008-ci il qlobal iqtisadi böhrandan bəri ən yüksək səviyyəyə çatıb.
Banker.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb. Bildirildiyi kimi, Çinin CSI 300 indeksi 1.9% artaraq 5368 bəndə yüksəlib ki, bu da son 13 ildə rekord artım olub.
“FT” qeyd edir ki, Çin şirkətlərinin səhmləri 2020-ci ilin mart ayında COVID-19-un səbəb olduğu minimumdan sonra 50%-dən çox artıb. Ümumilikdə, son bir ildə pandemiyadan “sığınacaq” axtaran və bu ölkənin sürətlə “canlanacağına” inanan investorlar Çin səhmlərinə və istiqrazlarına 1 trilyon yuandan (150 milyard dollar) çox sərmayə qoyublar.
“Partners Capital”ın baş direktoru Ronald Van “FT”yə bildirib ki, Çinin fon bazarındakı ralli 2021-ci ilin birinci yarısında da davam edə bilər, lakin Avropa ə ABŞ-da koronavirus əleyhinə peyvəndi yayıldıqca yavaşlayacaq. “Əgər bu peyvəndlər effektiv olarsa, digər ölkələrin iqtisadiyyatı bərpa ediləcək və biz investorlar tərəfindən diversifikasiya görəcəyik”, – deyə Van söyləyib.
Xatırladaq ki, “The Wall Street Journal”un daha əvvəl verdiyi məlumatda Çin fond bazarının 2020-ci ildə 27% artması deyilirdi. Ölkənin COVID-19-dan sonra sürətlə bərpa olması və yerli şirkətlərin səhmlərinin bahalaşması, onların ümumi kapitallaşmasının 4.9 trilyon dollardan 16.7 trilyon dollara yüksəlməsinə gətirib çıxarıb.