Azərbaycandakı kredit ittifaqları 2020-ci ilin yanvar-dekabr aylarını 0.1 milyon manat zərərlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə kredit ittifaqlarının zərəri 0.7 milyon manat olub. Belə ki, kredit ittifaqlarının zərəri ötən il 9 dəfə azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir.
GƏLİRLƏRİ AZALIB
2020-ci ildə kredit ittifaqlarının cəmi gəlirləri 2.3 milyon manat, cəmi xərcləri 1.1 milyon manat olub. 2019-cu ildə isə kredit ittifaqlarının cəmi gəlirləri 2.4 milyon manat, cəmi xərcləri isə 1.1 milyon manat olub. Beləliklə, illik müqayisədə gəlirləri 0.1 milyon manat azalıb, xərcləri isə dəyişməyib.
KREDİT PORTFELİ KİÇİLİB
2020-ci ilin dördüncü rübündə kredit ittifaqlarının cəmi aktivləri 15.2 milyon manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1.4 milyon manat azalma deməkdir. 2019-cu ilin yanvar-dekabr ayında isə kredit ittifaqlarının cəmi aktivləri 16.6 milyon manat olub. Kredit ittifaqlarının müştərilərə verdiyi kreditlər isə 13.3 milyon manat təşkil edib. Belə ki, kredit ittifaqlarının kredit portfeli 10.7% kiçilib.
KAPİTALI AZALIB
Azərbaycanda kredit ittifaqlarının öhdəlikləri 11% azalaraq 5.8 milyon manata, kapitalı isə 7% azalaraq 9.4 milyon manata düşüb. 2019-cu ilin analoji dövründə kredit ittifaqlarının cəmi öhdəlikləri 6.5 milyon manat və cəmi kapitalı 16.6 milyon manat təşkil edib.