Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan erməni mediasına verdiyi müsahibəsində bildirib.
“90-cı illərdə erməni ordusu döyüşə hazır idi, İrəvan və Moskva müttəfiq idilər. İndi isə artıq o qədər zəifik ki, istənilən qonşu dövlət ölkəmizi ələ keçirə bilər.
Özünü müdafiə edə bilməyən bir ölkənin statusu nədir, bilirsinizmi?
Strateji müttəfiqdən Rusiyanın protektoratına çevrildik və taleyin istehzası odur ki, bütün bunlar Ermənistanda Rusiya hərbi bazasının olmasına etiraz edən insanlar tərəfindən həyata keçirilib”, – Köçəryan söyləyir.
Köçəryan ölkə rəhbərliyinin ordunun real itkilərini açıqlamamasını tənqidlə qarşılayır. Keçmiş dövlət başçısı bunu gizlətmək istəyini cəmiyyəti və vətəndaşları ələ salmaq kimi qəbul edir.
“Türkiyə və Azərbaycan itkilərimizi hamıdan yaxşı bilirlər. Onların çoxdan xəbərləri var. Buna əsaslanıb demək istəyirəm ki, mən Ermənistan hökumətinin motivasiyasını başa düşmürəm. İtkilərimiz artıq sirr deyil”, – keçmiş prezident əlavə edir.
Köçəryanın sözlərinə görə, Ermənistan ordusu 3 milyard dollar ziyan görüb. Sabiq prezidentin fikrincə, Ermənistanın ordusunun inkişafı üçün yeni konsepsiyaya ehtiyacı var.
O, həm də Ermənistanın Qarabağda yaratdığı saxta rejimin qalıqlarının olduğunu etiraf edir.