6 C
Baku
Sunday, December 15, 2024

“Atəşgah Sığorta” sahibkarın “pis vəziyyətə düşməsinə” çalışır

2019-cu ilin martında Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən avtomobil ehtiyat hissələri mağazasındakı yanğına görə sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Sahibkar Arzuman Alıyev müraciət edərək bildirib ki, yanğından sonra mağazanı sığortalayan “Atəşgah Sığorta” bir neçə iddia ilə ödəniş etməkdən imtina edib. Onun sözlərinə görə, yanğın zamanı ona 150 minə yaxın zərər dəyib və ödənişi ala bilmədiyi üçün müflis olub, xeyli borclu yaranıb: “Şirkət və məhkəmələr süründürməçiliklə prosesi uzadaraq mənim daha da pis vəziyyətə düşməyimə çalışırlar. Bununla da onların istədiyi ilə razılaşacağımı düşünürlər. Yanğından sonra aldığım malların ödənişini vermək üçün bir neçə şəxsdən külli miqdarda borc almışam. Məhkəmə ödənişlə bağlı yekun qərar vermədiyi üçün borclu olduğum adamlar artıq məni hədələməyə başlayıblar. Nə edəcəyimi, bu vəziyyətdən necə çıxacağımı bilmirəm”.

Sahibkar Bakı Kommersiya Məhkəməsinə müraciət edərək yanğın zamanı dəymiş zərərə görə 148 652 manat sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 manat, ümumilikdə, 160 692 manat vəsaitin “Atəşgah Sığorta”dan tutularaq ona ödənilməsini istəyib.

Şirkətin əməkdaşı məhkəmədə çıxış edərək bildirib ki, həmin mağaza 24 saat mühafizə olunmadığı üçün onlara ödəniş verməkdən imtina ediblər. Şirkət həmçinin, mühafizəçi olmamasının yanğının səbəbi ilə bir əlaqəsi olmadığını da bildirib.

Lakin Fövqəladə Hallar Nazirliyi yanğından sonra araşdırma apararaq rəy verib ki, mağazanın yerləşdiyi ərazi gecə gözətçisi ilə və sutkalıq videomüşahidə ilə təmin olunub. Məhkəmədən öncə isə sığorta şirkəti məhv olmuş mallara dair elektron qaimə tələb edərək ödəniş verməyib.

A. Alıyevlə sığorta müqaviləsi imzalayan “Atəşgah Sığorta Şirkəti”nin Sumqayıt ofisinin baş mütəxəssisi Rüstəm Əsədov bildirib ki, sığorta məbləğini 150 153 manat razılaşdırıb və əmtəə mallarının siyahısını A.Alıyevdən götürüb müqavilənin tərkib hissəsi kimi şəhadətnaməyə əlavə edib: “Əmtəə mallarının digər hər hansı bir sənədini istəməmişəm. Gələcəkdə də hadisə zamanı tələb olunduğunu deməmişdim. Əmtəə mallarının sənədi dedikdə yalnız müqaviləyə əlavə edilən mal siyahısını nəzərdə tuturdum. Sahibkardan elektron qaimə tələb ediləcəyi nəzərdə tutulmayıb”.

yanginobyekt 2

Məhkəmə araşdırmadan sonra bu qərara gəlib ki, sahibkar sığorta müqaviləsinin əsas şərtlər bölməsində razılaşdırılmış hallar üzrə bütün öhdəlikləri yerinə yetirib: “Sığorta hadisəsi baş verdikdən sonra müvafiq olaraq FHN tərəfindən araşdırma aparılıb və araşdırma nəticəsində sığortalanmış daşınar əmlakların yanğından mühafizəsinin təmin edilməsi, habelə sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya dəymiş zərərin miqdarı müəyyən edilib”.

Qətnamədə qeyd edilib ki, “Atəşgah Sığorta”nın müqavilədə qeyd olunmayan əlavə şərtlər və tələblər qoyularaq sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi məhkəmə araşdırması zamanı müəyyən edilib: “Məhkəmə araşdırması zamanı şirkət sahibkara müraciət edərək yanğın zamanı obyektdə olan daşınar əmlakların elektron qaimələrini tələb edib. Halbuki tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi baş verdiyi zaman bu növ sənədlərin təqdim edilməsi barədə hər-hansı müddəa qeyd edilməyib.

Beləliklə, “Atəşgah Sığorta” tərəfindən sığorta ödənişinin ödənilməməsinə dair səbəblər həm tərəflər arasında bağlanmış sığorta müqaviləsinə, həm də maddi hüquq normasının tələblərinə uyğun deyil”.

Hakim Aytən Əliyeva yekunda qətnamə çıxararaq “Atəşgah Sığorta” şirkətinin yanğına görə sahibkar Arzuman Alıyevə 148 652 manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 manat olmaqla ümumilikdə 160 692 manat məbləğində pul vəsaiti ödəməsinə qərar verib.

Lakin “Atəşgah Sığorta” şirkəti qərardan apellyasiya şikayəti verib və qərarın dəyişdirilərək sahibkara ödəniş verilməməsi haqda qətnamə çıxarılmasını istəyib. İşə bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər