®Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşkilatçılığı ilə “Her Improvement” inkişaf proqramının birinci hissəsi yekunlaşıb.
Proqramın əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.
Proqrama ümumilikdə ölkə üzrə 200-dən çox şəxs müraciət edib və onların arasından layihə kriteriyalarına ən uyğun gələn 25 nəfər iştirak hüququ qazanıb. 10 saatlıq təlim proqramını əhatə edən birinci mərhələdə iştirakçılara 3 bölmədən ibarət tematik təlimlər və vörkşoplar keçilib. Əlavə olaraq, Bakı Mühəndislik Universitetinin innovasiya və texnologiya mərkəzi olan texnoparkla tanışlıq və komandalara öz ideyalarının ilkin forması üzərində işləmələri üçün mühit yaradılıb.
“Qadınların cəmiyyətdəki rolunun təbliği, onların şəxsi və peşə məqsədlərinin dəstəklənməsi “Kontakt”ın Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz hissəsidir. Bu siyasətimiz çərçivəsində qızlarımızın peşəkar inkişafına yönəlik sosial layihələrə dəstək olmağa, yeni müsbət dəyərlər aşılamağa, bununla cəmiyyət üçün faydalı olmağa çalışırıq”. – deyə “Kontakt”ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova layihə barədə fikirlərini bölüşərkən bildirib.
Qadın sahibkarlığının inkişafına nail olmaq üçün yeniyetmə qızlarla bərabər, həm də onların ailələri ilə işlər aparılmalıdır. Məhz buna görə, “Her Improvement” Proqramının II mərhələsinə layihə iştirakçılarının valideynləri də cəlb olunacaq. Onlarla psixoloji və biznes yönümlü görüşlər, həmçinin valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə yönəlik vörkşoplar keçiriləcək.
Proqram çərçivəsində növbəti bir il ərzində “Kontakt” və “Femtech”in təşkilatçılığı ilə daha bir neçə təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı” çərçivəsində illərdir davamlı layihələr həyata keçirir.