12 C
Baku
Saturday, November 23, 2024

Rubl və lirə zəifləyir: “Bu manat üçün ən azı psixoloji faktorlardandır”

Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan Türkiyədə noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib.

Başa çatmaqda olan ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb. Noyabra dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb. Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir ki, regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamız manatın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

vuqar bayramov
Vüqar Bayramov (solda)

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur” – deyə, V.Bayramov deyir.

Bayramov əlavə edir ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. “Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa  məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Son xəbərlər
Digər xəbərlər