3 C
Baku
Saturday, December 14, 2024

İqtisadiyyat Nazirliyində “Ağ sənəd”in təqdimatı keçirilib

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında işgüzar görüş keçirilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə AmCham tərəfindən 2021-ci ildə dərc olunan və Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd”in təqdimatı keçirilib.

AmCham-ın prezidenti Nuran Kərimov, icraçı direktoru Gülnarə Aslanbəyli və vitse-prezidenti Nərgiz Nəsrullayeva Palatanın İqtisadiyyat Nazirliyi və digər qurumlarla əməkdaşlıq istiqamətlərindən, “Ağ sənəd”də bank, maliyyə və sığorta, rəqəmsal texnologiya və innovasiyalar, tez tükənən istehlak malları, insan resursları və əmək bazarı, hüquq və komplayens, satınalmalar, dayanıqlı inkişaf, turizm, gömrük və vergi sahələrini əhatə edən tövsiyə və təkliflər barədə məlumat veriblər.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev qeyd edib ki, bu ilin 10 ayı ərzində real ÜDM-in həcmi 4,9%, qeyri-neft ÜDM-i isə 5,9% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 24,7%, ixrac 37,7%, qeyri-neft ixracı isə 42% artıb. Nazir müavini “Ağ sənəd”də yer alan tövsiyə və təkliflərin İqtisadiyyat Nazirliyi tərəfindən bir hissənin artıq dəyərləndirildiyini bildirib, digərləri ilə bağlı işlərin aparıldığını diqqətə çatdırıb.

Tədbirdə AmCham-ın komitə sədrləri Ceyhun Məmmədov və Zaur Allahverdizadə “Ağ sənəd”də iqtisadiyyatın müxtəlif sahələri üzrə əksini tapan tövsiyə və təkliflərlə bağlı geniş təqdimatlarla çıxış ediblər.

Görüşün sonunda biznes dairələrini maraqlandıran suallar İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev tərəfindən cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər