6 C
Baku
Sunday, December 15, 2024

Bank sektoru təhlükə qarşısındadır – Samir Əliyev

Mərkəzi Bank martın ayının məlumatlarını açıqladı. Mənzərə vəziyyətin getdikcə qəlizləşdiyini göstərir. Bank sektoru özünün ağır dövrünə qədəm qoyub. Mərkəzi Bankın hesabatına görə, problemli kreditlərin həcmi 1,2 milyard manata çatıb. 2015-ci ilin 3 ayı ərzində belə kreditlər 24% artıb. Halbuki kredit qoyuluşunun artımı daha az – 11% olub. Rəsmi məlumatlara görə, vaxtı keçmiş kreditlərin payı 5,9%-ə yüksəlib ki, bu da son 2 ildə ən yüksək göstəricidir.

Ekspert Samir Əliyev bildirir ki, statistik məlumatlar vəziyyətin çox da kritik olmamasını göstərir. Ancaq reallıq başqadır. Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir. Ölkənin kredit bazarının üçdə birinə sahib olan Beynəlxalq Bankın zərərli kreditlərinin həcmi ilə bağlı məlumatları göstərmək kifayətdir ki, vəziyyətin nə qədər ağır olduğunu dərk edək. Təxmini hesablamalar göstərir ki, ölkə üzrə problemli kreditlərin payı 20%-dən çoxdur. Bu, artıq kritik həddir.

Mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı. Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Manatın dəyərini 35% itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35% artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55% artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7–də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçirtdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır.

Bir neçə ay öncə proqnozlaşdırdığımız vəziyyət artıq göz qabağındadır. Bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb. İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər. Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər