Azərbaycandan olan turistlər üçün daha çox güzəştlərin tətbiq edilməsinə qərar vermişik.
Bunu İranın mədəni irs və turizm nazirinin müavini Əliəsgər Şalbafian Mazandaran əyalətinin Sari şəhərində “Sari 2022” adlı turizm tədbiri çərçivəsində açıqlamasında deyib.
Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsində məqsəd İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşlarının bir-birinin turizm bölgələri ilə yaxından tanış olması və səfərlərinin asanlaşdırılması məqsədilə baş tutur.
İranın azərbaycanlı turistlərlə bağlı proqramlarından danışan Ə.Şalbafian qeyd edib ki, İran Azərbaycandan olan turistlər üçün xüsusi güzəştli proqramı hazırlayır.
“Azərbaycan vətəndaşlarının İranda müalicə xidmətlərindən bəhrələnməsi, turizm bölgələrə və ziyarətgahlara səfərlərinin təşkili bu proqramda yer alıb. Həmin səfərlərin təşkilinin asanlaşdırılması üçün çalışırıq”.
O, İran və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi zərurətini vurğulayıb.