Bu il Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün həcmində növbəti rekord göstəricinin qeydə alınması gözlənilir.
Banker.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.
Onun sözlərinə görə, hər həftə Rusiyadan aqrar məhsulların idxalçıları Azərbaycana gəlir: “Hazırda Rusiyada bu məhsullara böyük tələbatın olduğu üçün tərəvəz tədarükü ilə məşğul olan Rusiya şirkətləri bir çox ölkələrdən, o cümlədən də Azərbaycandan aqrar məhsulların tədarükü ilə məşğuldular. Bununla yanaşı, bilirəm ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu istiqamətdə mühüm işlər həyata keçirir. AZPROMO Azərbaycanın aqrar məhsullar üzrə istehsalçıları bir araya yığaraq , Rusiya şirkətləri üçün təqdimat aparırlar. Azərbaycandan Rusiyaya aqrar məhsulların tədarükünə maraq artır”.
R.Mirsayapov Azərbaycanla Rusiya arasında keçirilməsi gözlənilən biznes-forumlar barədə danışıb: “Azərbaycan-Rusiya Regionlararası Forum hər il keçirilirdi. Pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə, əfsus ki, axrıncı dəfə 2020-ci ildə keçirilib. Ümid edirik ki, bu ilin axrına qədər Azərbaycan növbəti regionlararası foruma ev sahibliyi edər”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 995 milyon 131 min ABŞ dolları təşkil edib. Bu dövrdə Rusiyaya ixrac 920 milyon 819 min ABŞ dolları, idxal isə 2 milyard 074 milyon 311 min ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunmuş kənd təsərrüfatı məhsulların strukturuna 157, 558 milyon ABŞ dolları dəyərində 140 min 110 ton pomidor, 36, 115 milyon ABŞ dolları dəyərində 62 min 903 ton alma, 38, 476 milyon ABŞ dolları dəyərində 85 min 412 ton kartof, 30, 953 milyon ABŞ dolları dəyərində 19 min 277 ton albalı-gilas, 28, 998 milyon ABŞ dolları dəyərində 22 min 847 ton şaftalı (nektarinlər daxil olmaqla), 8,652 milyon ABŞ dolları dəyərində 4 min 801 ton çiyələk və bağ çiyələyi, 6, 619 milyon ABŞ dolları dəyərində 9 min 414 ton təzə üzüm daxildir.
Bu ilin dörd ayında isə iki ölkə arasında ticarət dövriyyəsi 893 milyon 466 min ABŞ dolları təşkil edib. Rusiyaya ixrac 198 milyon 886 min ABŞ dolları, idxal isə 694 milyon 579 min ABŞ dolları təşkil edib.