7 C
Baku
Thursday, December 12, 2024

Mario Draqi hökumətinə etimad səsverməsi keçiriləcək

İyulun 20-də İtaliyada Baş nazir Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökumətinin gələcək taleyi həll olunacaq. Belə ki, parlamentin aşağı və yuxarı palatalarında müzakirələr aparılacaq və etimad səsvermələri keçiriləcək.

Baş nazir hökumətdəki hazırkı böhranla əlaqədar əvvəlcə parlamentin yuxarı palatası Senata məlumat verəcək, Senat Baş Assambleyasında rəhbərlik etdiyi hökumət üçün etimad səsverməsi tələb edəcək. Daha sonra isə parlamentin aşağı palata olan Nümayəndələr Palatasına çıxış edəcək, burada da etimad səsverməsi keçiriləcək. Mario Draqinin rəhbərlik etdiyi hökumətin gələcəyi bu çıxışlar və etimad səsvermələrindən sonra həll olunacaq.

Hökumət böhranına səbəb nə oldu?

Mario Draqinin rəhbərlik etdiyi hökumətinin koalisiya tərəfdaşı partiyalardan biri olan “5 Ulduz Hərəkatı”nın (M5S) iyulun 14-də Senatda keçirilən səsverməni boykot etməsi İtaliyada hökumət böhranına gətirib çıxardı. “5 Ulduz Hərəkatı”nın üzvləri hökumətin ailələrin və müəssisələrin artan enerji qiymətləri ilə mübarizəsi üçün hazırladığı təxminən 23 milyard avro dəyərindəki iqtisadi yardım paketi ilə bağlı səsvermədə iştirak etmədilər.

Sözügedən paket Senatdakı səsvermədə qəbul edilsə də, daha əvvəl “5 Ulduz Hərəkatı” olmadan hökumətə rəhbərlik etməyəcəyini bildirən Mario Draqi iclasdan sonra Nazirlər Şurasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Lakin İtaliya Prezidenti Sercio Mattarella Mario Draqinin istefa ərizəsini qəbul etməyib.

Mario Draqinin vəzifədə qalması üçün müxtəlif dairələrdən çağırışlar edilir

74 yaşlı texnokrat liderin Baş nazir kimi öz postunda qalması üçün bələdiyyə sədrlərindən tutmuş din xadimlərinə və idman ictimaiyyətinə qədər müxtəlif dairələrdən çağırışlar olunub. Belə ki, paytaxt Roma, eləcə də Milan, Florensiya və digər böyük şəhərlər də daxil olmaqla indiyədək təxminən 1600 bələdiyyə sədri, sənayeçilər, professorlar, din və idman ictimaiyyəti Mario Draqinin qlobal qeyri-müəyyənlik və COVID-19 epidemiyası kimi çətinlik fonunda hökumətə rəhbərlik etməsini istəyirlər.

İtaliyanın müxtəlif şəhərlərdə M.Draqinin vəzifədə qalması tələbi ilə aksiyalar keçirilib.

Siyasi müstəvidə müxtəlif ssenarilər gündəmdədir

Ölkənin siyasi dairələrində hökumətin gələcəyi ilə bağlı müxtəlif ssenarilər səsləndirilir. Hazırkı parlament bölgüsündə M.Draqi hökuməti “5 Ulduz Hərəkatı”nın dəstəyi olmadan etimad səsi ala bilər. Lakin Baş nazir etimad səsverməsinə baxmayaraq, öz istefa qərarının arxasında dayanarsa, bu səbəbdən hökumət dağıla bilər.

Gündəlikdəki digər ssenari isə növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyüdür. Əgər M.Draqi istefa qərarında qalarsa, o zaman Prezident Sercio Mattarella parlamenti buraxacaq və 2023-cü ilin ilk aylarında keçirilməsi planlaşdırılan ümumi seçkilər gündəmə gələcək. Bu ssenari reallaşarsa, seçkilər cari il sentyabrın son həftəsi və ya oktyabrın əvvəlində keçirilə bilər. Həmin müddətə qədər isə müvəqqəti hökumətin formalaşdırılması gündəmdədir.

Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər