Azərbaycanda yaxın 5 ildə ixrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcək.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Belə ki, ixracı asanlaşdırmaq üçün idarəetmə və institusional mexanizmləri tənzimləmə çərçivəsi təkmilləşdiriləcək.
İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft-qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artmasına nail olunacaq.
Sənəddə dövlət tərəfindən aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirakı, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılması, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacağı vurğulanır.
Nəticədə, 2022‒2026- cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaqdır. Nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln. manatdan 2 dəfəyədək artaraq, 450 mln. manata çatacaq.
Qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, sənaye zonalarının qeyrineft/qaz sənaye istehsalında payı 15%, qeyri-neft/qaz sənaye ixracında payı isə 25% olacaq.
İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq.