10 C
Baku
Wednesday, December 11, 2024

Korporativ istiqrazlara dövlət zəmanəti verilməsi bazara necə təsir edəcək?

Azərbaycan hökuməti qiymətli kağızlar bazarının inkişafı ilə bağlı mühüm yeniliyin tətbiqinə hazırlaşır.

Bir neçə aydan sonra ölkədə korporativ istiqrazlara dövlət zəmanəti verilməsinə başlanılacaq.

Bəs görəsən yeni mexanizm bazara necə təsir edəcək?

“Bank əmanətləri korporativ istiqrazlardan cəlbedici olub”

Xalid Kərimli deyir ki, son 15 ildə Azərbaycanda dövlət yalnız banklara yerləşdirilən əmanətlərə zəmanət verib, Əmanətlərin Sığortalanması Fondu (ADIF) fiziki şəxslərin depozitlərini qismən sığortalayıb. Bu isə bank əmanətlərini korporativ istiqrazlarla müqayisədə cəlbedici edib və kapital bazarının inkişafını ləngidib: “Bu vəziyyətdə şirkətlər istiqraz buraxmaqla vəsait cəlb etməkdə çətinlik çəkirlər və banklardan kredit götürməyə məcbur olurlar. Halbuki, iqtisadi inkişaf üçün kapital bazarı, o cümlədən korporativ istiqraz bazarı inkişaf etdirilməlidir. Səhm bazarının inkişafı isə sonrakı mərhələdir. Hazırkı vəziyyətdə şirkətlərə və dolayısı ilə onların buraxdığı istiqrazlara inamın aşağı səviyyədə olması, üstəlik rəqib bazara (əmanətlərə) dövlətin zəmanət verməsi kapital bazarının inkişafına mane olur”.

“Belə bir zəmanət heç bir ölkədə verilmir”

Onun sözlərinə görə, dövlətin korporativ sektorun öhdəliyinə zəmanət verməsi istiqraz bazarına etibarı artıracaq: “Belə bir zəmanət heç bir ölkədə verilmir. Bu, bazarın inkişafı üçün çox ciddi addımdır. Məsələn, dövlət 100 min manata qədər yatırıma zəmanət verir, bu vəsait istiqrazın emitenti öhdəliyini yerinə yetirməsə investorlara qaytarılacaq. Yəni, dövlət investorların risklərini öz üzərinə götürür. Sadəcə normal qiymətləndirmə olmalıdır ki, dövlətin resursları səmərəsiz şəkildə xərclənməsin”.

“İnvestorlar həmişə təminatla bağlı suallar verirlər”

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova da hesab edir ki, korporativ istiqrazlara dövlət zəmanəti verilməsi bazarda əməlli-başlı canlanmaya səbəb olacaq: “İnvestorlar həmişə təminatla bağlı suallar verirlər. Onlar bilmək istəyir ki, şirkət bağlansa, öhdəliklərini icra edə bilməsə, yatırdıqları pulun taleyi necə olacaq? İnvestisiya sahiblərinin narahatlığına son qoymaq, riski sevməyən investorları kapital bazarına cəlb etmək üçün korporativ istiqrazlara dövlət zəmanəti verilməsi çox mühüm addımdır və kapital bazarının xeyli canlanmasına xidmət edəcək”.

“İstiqraz bazarının inkişafı bir tərəfdən yüksək və təminatlı gəlir əldə etmək üçün imkanıdır, digər tərəfdən isə ölkədə ən əsas problemlərdən biri olan şirkətlərin maliyyəyə əlçatanlığının təmin edilməsi deməkdir”, – deyə ekspert əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər