14 C
Baku
Sunday, November 24, 2024

ABŞ “Silicon Valley Bank”ın iflasından sonra xilasetmə planını təqdim edib

ABŞ maliyyə tənzimləyiciləri “Silikon Valley Bank”ın (SVB) müflisləşməsi ilə əlaqədar əmanətçiləri dəstəkləmək və təcili olaraq bankları maliyyələşdirmək üçün plan hazırlayıb, bu barədə Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell, maliyyə naziri Janet Yellen və Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qrünberin birgə bəyanatına istinadən “CNBC” məlumat yayıb. 

Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir. 

“Bu gün biz əhalinin bank sisteminə inamını artırmaq və ABŞ iqtisadiyyatını qorumaq üçün qətiyyətli addımlar atırıq. Bu tədbirlər bank sisteminin əmanətləri qorumaq imkanlarını gücləndirəcək və iqtisadiyyata pul və kreditlərin davamlı təchizatını təmin edəcək”, – mesajda deyilir. 

Tənzimləyicilərin qərarına əsasən, Nyu-Yorkdakı “SVB” və “Signature Bank”ın əmanətçiləri 13 mart, bazar ertəsi günündən etibarən depozitlərinə tam giriş əldə edəcəklər. Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri əmanətləri əhatə etmək üçün istifadə olunacaq. 

Bununla yanaşı, FED “SVB”in dağılması səbəbindən bazar dəyişkənliyindən təsirlənən maliyyə institutlarını qorumaq üçün təcili maliyyələşdirmə proqramını hazırladığını açıqlayıb. 

Maliyyələşdirmə proqramından yararlanan maliyyə təşkilatlarına yüksək keyfiyyətli girov – xəzinə istiqrazları, agentlik borcları və ipoteka ilə təmin olunmuş qiymətli kağızlar təqdim etmək təklif olunacaq.

ABŞ Maliyyə Nazirliyi müddətli maliyyələşdirmə proqramından yarana biləcək hər hansı itkilərdən qorunmaq üçün birja ticarəti sabitləşdirmə fondundan 25 milyard dollara qədər vəsait ayıracaq.

Birgə bəyanatda qeyd edilir ki, yeni bank yardımlarının heç biri vergi ödəyicilərinin xərclərini əhatə etməyəcək. Səhmdarlar və bəzi təminatsız kreditorlar qorunmayacaq və bütün investisiyalarını itirəcəklər.

“Silicon Valley Bank” ABŞ-da 16-cı ən böyük bank idi. Kaliforniyadakı maliyyə tənzimləyicisi maliyyə problemləri səbəbindən “SVB”ni martın 10-da bağlayıb.

Son xəbərlər
Digər xəbərlər