Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Banker.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.
Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.
Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yolların layihəsi də təqdim olundu.
Qeyd edildi ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.
Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir.
Yolun 8,5 kilometr uzunluğunda Həsənabad–Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.
Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.
Layihənin icrası 38 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək.