“Günay Bank” ASC müddətli manat əmanətlərinin faizlərini kəskin yüksəldib.
Banker.az xəbər verir ki, bank manatda olan müddətli əmanətlərin müddətin sonuna illik faiz dərəcəsini 7%-dən 10.5%-ə qaldırıb.
Bankın qəbul etdiyi digər bir qərara əsasən aylıq ödəniş əsaslı depozit təklifini də bərpa edib. Bundan sonra, aylıq ödənişlə müddətli əmanətlərin illik faiz dərəcəsi 10% olacaq.
Bank ilin fevralında müddətli depozitlərin illik faizlərini 8%-dən 7%-ə endirmişdi.
“Günay Bank” ASC müştəriləri 2023-cü ilin ilk rübündə depozitlərini “geri çəkib” və portfelin kiçilməsinə səbəb olub. Bankın ilk rübün əvvəlində olan depozit portfelinin həcmi 111.41 mln. manat olduğu halda, rübün sonuna, yəni 31 mart 2023-cü il tarixinə 108.57 mln. manata düşüb. Bu da 2.5% azalmadır. Azalma həm fiziki, həm də hüquqi şəxslərin depozitlərində baş tutub. İlk ondan başlayaq ki, portfeldə azalmağa səbəb hansı bölgülər üzrə dəyişmədir.
Bankın depozit portfelinin ilin əvvəlində müddətli olan hissəsi 63.62 mln. manat idi və ilk rübün sonuna bu rəqəm 55.92 mln. manata qədər azalıb ki, rüblük 7.7 mln. yaxud 12.1% azalmış olub. Müddətli depozitlərində azalmanın əsas drayveri isə ABŞ dollarında olan hissəsinin 22.65 mln. manat ekvivalentindən 16.29 mln. manat ekvivalentinə enişdir. Manatda olan müddətli əmanətlərin həcmi 40.74 mln. manata 39.3 mln. manata düşüb.