“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2023-cü ili 57 194 manat xalis mənfəətlə başa vurub. Şirkət 2022-ci ildə 170 150 manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın azalma deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Aqrar Sığorta”nın gəlirləri 11 milyon 381 min manat (əvvəlki ilə nisbətən 35% az), o cümlədən investisiya gəlirləri 84 min manat (12% az), xərcləri 11 milyon 307 min manat (35% az), mənfəət vergisi ödəmələri isə 17 min manat (2.6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 13 milyon 532 min manat olub ki, bu da illik müqayisədə 6% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6% azalaraq 11 milyon 262 min manata, balans kapitalı isə 5% azalaraq 2 milyon 270 min manat olub.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.