İran və Hindistan arasında Çabahar limanının birgə istismarına dair saziş ABŞ-nin sanksiyalarına məruz qala bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə jurnalistlərə deyib.
“Hindistan və İran arasında Çabahar limanı ilə bağlı 10 illik sazişin imzalandığından xəbərimiz var. ABŞ-nin İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik”, – o deyib.
Patel İranla işgüzar sazişlər imzalayan hər kəsin sanksiya riskini gözə almalı olduğunu qeyd edib.
“İranla işgüzar sazişlər imzalamağı nəzərdən keçirən hər kəs məruz qaldığı potensial riski, eləcə də potensial sanksiyalar riskini dərk etməlidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, mayın 13-də İran və Hindistan Çabahar limanında Şəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dair uzunmüddətli saziş imzalayıb.