Amerikanın investisiya bankı “JPMorgan” Qətər və Küveytin təsnifatına yenidən baxaraq, onları inkişaf etmiş bazarlar kateqoriyasına keçirib və tezliklə bu ölkələri İnkişaf Etməkdə Olan Bazar İstiqraz İndeksindən (EMBI) mərhələli şəkildə çıxarmağı planlaşdırır, “Bloomberg” yazır.
“JPMorgan”ın Qətər və Küveyti indeksdən çıxarması prosesi martın 31-də başlayacaq və altı ay çəkəcək. Bu ölkələrin yeni istiqraz emissiyaları artıq indeks hesablanmasına daxil edilməyəcək.
Agentlik yazır ki, iki investisiya səviyyəli ölkənin xaric edilməsi inkişaf etməkdə olan bazarın suveren istiqrazlarında ümumi risk səviyyəsini artıra bilər. Qeyd edək ki, EMBI-də Qətərin payı 3.2%, Küveytin – 0.6%, BƏƏ-nin isə 4.1% olub. Onların xaric edilməsi kapitalı bazarlar arasında yenidən bölüşdürə və treyderlər üçün imkanları azalda bilər.
Güclü kredit göstəricilərinə baxmayaraq, 2024-cü ildə Qətərin büdcə kəsiri 13.2 milyard rial və ya 3.62 milyard dollar təşkil edib. Küveyt 2017-ci ildən bəri suveren borc qanununun olmaması səbəbindən beynəlxalq borc bazarlarına çıxmayıb, lakin bu il 65 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.
BƏƏ-yə gəlincə, “JPMorgan” xəbərdarlıq edib ki, yaşayış minimumu yenidən məqbul səviyyədən yuxarı qalxarsa, ölkə 2026-cı ildə EMBI-dən çıxarıla bilər.