Son altı ildə Qazaxıstan iqtisadiyyatına 130 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edilib.
Bunu ölkənin baş naziri Oljas Bektenov bildirib.
“Xarici tərəfdaşlar emal sənayesi sahələrinə daha çox sərmayə qoymağa başlayıblar – onların payı 72,7 milyard ABŞ dolları təşkil edib. BMT Qazaxıstanı dənizə çıxışı olmayan ölkələr arasında birbaşa xarici investisiyaların yatırıldığı ikinci ən böyük ölkə adlandırıb”, – deyə o qeyd edib.
Hökumət başçısının sözlərinə görə, nəticədə son altı ildə ölkənin illik xarici ticarət dövriyyəsinin dəyəri 94,8 milyard ABŞ dollarından 141,4 milyard ABŞ dollarına qədər artıb, o cümlədən ixracın dəyəri 61,1 milyard ABŞ dollarından 81,6 milyard ABŞ dollarına yüksəlib.
Baş nazir həmçinin qeyd edib ki, ötən il Qazaxıstanda 288 milyard ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub, adambaşına düşən ÜDM isə 14 min ABŞ dollarını ötüb.
“Qazaxıstan yüksək gəlirli ölkələr qrupuna çox yaxınlaşıb və bu, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməklə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində baş verib”, – O.Bektenov əlavə edib.