ABŞ-nin dövlət borcunun həcmi tarixdə ilk dəfə 38 trilyon dolları ötüb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin statistik məlumatlarında deyilir. Nazirlik bildirir ki, ötən il dövlət borcu təxminən 2,18 trilyon dollar artıb.
ABŞ-nin dövlət borcu 37 trilyon dollar həddini ilk dəfə 2025-ci il avqustun 13-də keçmişdi. Həmin göstəriciyə çatmazdan əvvəl qurum dövlət borcunun dinamikasını göstərən diaqramı yeniləmişdi.
Borcun daha sürətlə artması federal hökumətin işinin dayandırılması fonunda baş verib. “Associated Press” yazır ki, bu, COVID-19 pandemiyası dövrü istisna olmaqla, bu, borcun ən sürətli yığılma tempidir.
Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin biznes iqtisadiyyatı və dövlət siyasəti üzrə professoru Kent Smetters hesab edir ki, artan borc yükü nəticədə daha yüksək inflyasiyaya gətirib çıxarır və amerikalıların alıcılıq qabiliyyətini zəiflədir.
ABŞ Hesabat Palatasında qeyd edilir ki, dövlət borcunun artması amerikalılar üçün ipoteka və avtokreditlər üzrə daha yüksək faiz dərəcələrinə, işçilərin daha az əməkhaqqına, həmçinin məhsul və xidmətlərin qiymətinin artmasına səbəb olacaq.
Fondun rəhbəri Maykl Peterson deyir ki, hökumətin işinin dayandırıldığı bir vaxtda borcun 38 trilyon dollara çatması “qanunvericilərin əsas maliyyə öhdəliklərini yerinə yetirmədiklərinin növbəti narahatedici göstəricisidir”.
Gözlənilir ki, ABŞ-də dövlət borcu üzrə faiz ödənişləri son on ildəki 4 trilyon dollardan növbəti on il ərzində 14 trilyon dollara yüksələcək. “CBS News” Peterson Fonduna istinadən yazır ki, bu artım iqtisadiyyatın əsas sektorlarında dövlət və özəl xərclərin azalmasına gətirib çıxaracaq.
“J.P. Morgan Asset Management”in baş qlobal strateqi Devid Kelli hesab edir ki, ABŞ dövlət borcunun artması investorların ölkə iqtisadiyyatına olan etimadını da sarsıda bilər.
Nominal ifadədə ABŞ dövlət borcu dünyada ən böyükdür. Donald Tramp hələ seçki kampaniyası zamanı ABŞ dövlət borcunu azaltmağı vəd etmişdi. O, xüsusən bunu kriptovalyutalar hesabına etməyi təklif edirdi. İnauqurasiyaya qədər Tramp demokratları dövlət borcu tavanının ləğvinə görə tənqid etsə də, iyunun əvvəlində iqtisadi fəlakətin qarşısını almaq üçün limitin tamamilə ləğvini dəstəklədiyini bildirdi. Daha sonra Konqres Trampın, o cümlədən dövlət borcu tavanının 4 trilyon dollar artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqlədi.